Coğrafi soyqırımı: Zəngəzur necə erməniləşdirildi? - ARAŞDIRMA
    • 15-03-2021, 15:25
    • 1 075

Coğrafi soyqırımı: Zəngəzur necə erməniləşdirildi? - ARAŞDIRMA

“İblisin başqa bir adı da yalandır…” Bilmirəm, Hüqo bu məşhur deyimi hansı məqamda söyləyib. Amma onu bilirəm ki, toxunacağımız bu mətləbdə bədxah qonşularımızın çabaları gerçəkdən iblis təxəyyülüdür. 
Bəlkə də şeytanın belə ağlına gəlməyənlərdir. Söhbət heç bir sərhəd tanımayan erməni saxtakarlığından, insanlara qarşı soyqırımdan heç də geri qalmayan coğrafi genosiddən gedir. Siyasi müstəvidə Böyük Ermənistan xəyalları suya düşən ermənilər son illər bu cəfəngiyyatı xəritələr üzərində, internet resurslarında, dünya KİV-lərində əldə etməyə çalışırlar. Bununla da dünyaya Kiçik Qafqaz dağ silsiləsi yoxdur, “Armyanskoe naqorye”, yəni erməni yaylası, Erməni dağ silsiləsi var kimi mesaj ötürməyə çalışırlar. Hayların erməni dağ silsiləsi adı altında təqdim etdikləri ərazilər isə yenə də Azərbaycanın, qardaş Türkiyənin və hətta qonşu Gürcüstanın ərazilərinə düşür. Bədxah qonşularımız saxta çoğrafiya düzəltmək cəhdlərinə bizim eranın ikinci əsrində yaşamış ellinizmin nəhəng fiqurlarından olan qədim romalı çoğrafiyaşünas Klavdi Ptolomeyi alət etməkdən belə çəkinmirlər. Guya Ptolomey tərtib etdiyi xəritədə Böyük Ermənistanın dağ silsiləsini əks etdirib. 

Bu bəs deyilmiş kimi, ermənilər "Ermənistan dağ silsiləsi 12 min il əvvəl" adlı sənədli film çəkərək "Rossiya-24" kanalında da yayımlayıblar. Bir sözlə, haylar ciddi-cəhdlə Ermənistanın Qafqaza heç bir aidiyyəti olmadığını sübut etmək, Kiçik Qafqaz dağ silsiləsinin isə Ermənistan dağ silsiləsi olduğunu sübut etməyə çalışırlar.

Bu haqda News24.az-a danıışan politoloq İlqar Vəlizadənin fikrincə, ölkə başçısı İlham Əliyevin xarici jurnalistlərlə mətbuat konfransındakı çıxışında çox vacib və çox maraqlı  “Şərqi Zəngəzur” terminini işlətməsi təsadüfi deyil: “Prezident tərəfindən işlədilən bu termin çox dərin məzmunlu bir ifadədir. Onun siyasi və hətta çoğrafi əhəmiyyəti var. Zəngəzur dağ silsiləsi, Qarabağ ovalığı, Qarabağ dağ silsiləsi, Murovdağ dağ silsiləsi, digər dağ silsilələri əslində Kiçik Qafqaza aid olan dağ silsilələridir. Təəssüflər olsun ki, son bir necə il və ya bir neçə onillik ərzində ermənilər çoğrafi terminləri saxtaladırmağa çalışırlar”. 
 
Xəstə təxəyyüllü erməni çoğrafiyaşünaslar iddia edirlər ki, Ermənistan dağ silsiləsi Kiçik Asiya və İran yaylası, Ön Asiyanın şimal-qərb hissəsində yerləşir. Onlar bu dağ silsiləsinə Türkiyə və Gürcüstanın bir sıra əraziləri daxil olmaqla, Quzey və Güney Azərbaycan ərazisində olan Savalan, Səhənd, Gamışdağ, Murovdağ yüksəkliklərini, eləcə də Zəngəzur dağ silsiləsini də aid edirlər
 
Bunun səbəbini isə politoloq belə izah edir: “Çünki bunların fikrincə, Kiçik Qafqaz adlanan bu ərazi ümumiyyətlə, guya erməni dağ silsiləsinə aiddir. Və bəzən xəritələrə də baxanda görürürk ki, bu ərazini Erməni dağ silsiləsi kimi təqdim edirlər. Halbuki orada Azərbaycanın və Gürcüstanın torpaqları var. Bu da çoğrafi və suyasi baxımdan qəti düzgün deyil”. 
 
AMEA Çoğrafiya İnstitunun Landşaftşünaslıq, Landşaft Planlaşdırması Şöbəsinin müdiri Mirnuh İsmayılov da Zəngəzur Azərbaycanın qədim tarixi-çoğrafi bölgəsi olduğunu bildirir: “Azərbaycanda belə tarixi-çoğrafi bölgələr çoxdur. Məsələn, Şirvan, Qarabağ, Zəngəzur, Muğan tarixən formalaşmış, çoğrafi mahiyyətli məkanlarımızdır. O cümlədən də bizim Zəngəzur. Mən internet saytlarına baxanda görürəm, erməni dilində, rus dilində, məsələn bizim tarixi-çoğrafi məkanlarımız haqqında çox yanlış bilgilər yayırlar. Onu da adi adamlar oxuyub daha çox inanırlar. Tarixi-coğrafi Zəngəzur haradır? Tarixi-çoğrafi Zəngəzur Naxçıvanla Ermənistan arasından keçən Zəngəzur silsiləsidir. Bunun Qərbə doğru davamı Dərələyəz silsiləsidir. Zəngəzur silsiləsi Qərbdən Zəngəzur qəzasını, Zəngəzur mahalın əhatə edir. Şərqdən isə Qarabağ silsiləsini".

BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri Kərəm Məmmədov deyir ki, vaxtilə Ermənistan Respublikası təşkil ediləndə Azərbaycanın Borçalı mahalının cənub hissəsi, Qaraqoyunlu dərəsi, Qazax qəzasından bir sıra ərazilər, Göyçə və onun ətrafindakı torpaqlar, eləcə də Dərələyəz və Zəngəzur Ermənistana verilib. Zəngəzurun şərq hissəsi Azərbaycanın tərkibində qalsa da, həm Ermənistan, həm də Gürcüstan istiqamətində Türkiyə ilə əlaqəmiz kəsilib. Zəngəzurun adı isə dəyişdirilib “Sünik” edilib: “Sünik deyilən ərazinin kimə məxsus olma məsələsini ərəb mənbələri çox gözəl təsdiq edirlər. Məsələn, Müaviyə ilə alban hökmdarı Cavanşirin görüşü zamanı xəlifə həmin ərazinin albanlara məxsus olduğunu nəzərə alaraq, hətta xəlifə belə Sünik üzərində nəzarəti Cavanşırə verir.  Sonrakı tarixi mərhələlərdə biz həmin bölgədən söhbət edrkən tez-tez Zəngi tayfalarının adına rast gəlirik. Zəngi toponomikası demək olar ki o bölgənin hər tərəfində yayılıb. Bu da cox güman ki, türk tayfaları olan Zəngilərin adı ilə bağlıdır. Klassik orta əsrlər dövründə isə Azərbaycan dövlətlərinin tərkibində olan bu əırazidə nəhayət Səfəvilər dövlətinin Çuxursədd bəylərbəyliyi yaradılır. Və Zəngəzur da həmin bəylərbəylinin tərkibində idi”.  
 
Sovet dövründən başlayaraq, Ermənistanda türk izlərini silən ermənilər bu siyasəti, xüsusilə də Zəngəzurla bağlı  təbliğatı davam etdirirlər. Amma dərinə gedəndə məkanın adının anlamını belə ifadə edə bilmirlər. 

Kərəm Məmmədov
: “Erməni alimlərdən soruşanda ki, “Zəngəzur” nə deməkdir? Deyirlər ki, guya orda kilsə var imiş ,o kilsənin zəngi çalınırmış. İşğalçılar gəlib o kilsəni dağıdıblar və ermənilər bir-birlərinə deyiblər ki, “zəng zor”, yəni “zəng tüstü”. Amma həmin o ermənidən soruşanda ki, “zəng” sözü kimin dilindədir? Cavab verə bilmir. Baxın, məsələ bunadadır. Əslində izə “zəng zor” zəngilərin çox yaşadılqları bir bölgədir. Zəngilər isə qədim türk tayfasıdır”. 
 
Coğrafiyaçı alim Mirnuh İsmayılov da indiki Ermənistanın şimal ətrafının, o cümlədən Arpaçay ərazisinin Zəngəzur sayıldığı qənaətindədir: “Tərtər çayı buradan başlanırdı. Bunlar Qarabağ vulkanik yaylasında olan ərazilərdir. Bir tərəfdə Həkəri çayının qolu, Bərgüşad, Bazarçay, sonra bizim Oxçuçayımız, ardınca da Bəsitçayımız. Hamısı buradan başlayırdı və Zəngəzur ərazisində rəngarəng təbii müxtəliflik digər tərəfdən də suvarma imkanları yaradırdı. Bizim qədim xalqımız üçün bu ərazilər həm əkinçilik, həm heyvandarlıq üçün çox əlverişli idi. Digər tərəfdən, hər tərəfin silsilələrlə əhatə olunması ərazini düşmənə qarşı daha dayanqılı edirdi. İndi isə Sisyan, (Qarakilsə də deyirik) Qafan, Qacaran, sonra Mehri ərazilərinə ermənilər Sünik ərazisi adı veriblər. Əslində elə “Sünik” özü də elə bizim sözümüzdür”.
 
Yüz illərdir tarixi həqiqətləri, mədəni abidələri və çoğrafi adları təhrif edən erməni yalanları bu gün də davam edir. Mütəxəsislər hesab edir ki, Azərbaycan 44 günlük müharibədə qalib gəlsə də, düşmən boş oturmayıb. Ona görə də erməni yalanlarına qarşı mübarizəmizi indi də elmi səviyyədə davam etdirməliyik.
 
Politoloq lqar Vəlizadəyə görə, bu mövzu lə bağlı simpoziumlar, geniş tədbirlər keçirib bunu hər kəsə duyurmaq, izah etmək lazımdır: “Eyni zamanda  digər ölkələrin alimləri ilə sıx işləməliyik. Rusiya, digər ölkələrin alimlərinə izah etməliyik ki, Kiçik Qafqaz dağları var, o üzdən də Ermənistan dağ silsiləsindən danışmaq düzgün deyil. Bu elmi cəhətdən səhv bir nəzəriyyədir”. 
 
Mirnuh Ismayılov da eyni fikirdədir: “Biz gözləmə mövqeyu tutmamalyıq. Həmişə ermənilər hücuma keçəndən, adları dəyişəndə sonra ağlımız başımıza gəlir, elə olmamalıdır. O ərazinin adlarının əks etdirən xəritələr bütün dillərdə tərtib olunmalıdır. Rus, ingilis dilində, öz dilimizdə də, aydın ifadə olunmalıdır və bu, elmi şəkildə bütün dünyaya yayılmalıdır. Adi adamlar, həvəskarlar yox, elmi işçilər tərəfindən, faktlarla dəqiq təqdim olunmalıdır. Birinci növbədə hər kəsi haqlı olduğunuza inandırmalıyıq ki, onu dəyişməyə cürət etməsinlər”. 

Nİilay NURƏLİ