Bu gün İlaxır çərşənbədir
    • 16-03-2021, 10:06
    • 671

Bu gün İlaxır çərşənbədir

Bu gün torpağın və həyatın oyandığı İlaxır çərşənbə - Torpaq çərşənbəsidir.

İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir. Bu çərşənbəyə xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" və ya "Torpaq çərşənbəsi" də deyilir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Torpaq bütün canlılara həyat verir və uca Allahın yaratdıqlarının hamısı, o cümlədən insanlar onun qoynuna sığınırlar.

Uzun qış aylarında insanların evlərində saxladığı ərzaqlar tükənir. Əfsanəyə görə adamların əziyyət çəkdikləri bu gündə Su, Od Yel və Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir və burada yatmış Torpağı oyadırlar. İlaxır çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpməyə başlayırlar. İnsanlar havanın mülayimləşməsinə, suların donunun açılmasına, çayların suyunun artmasına və torpağın canlanmasına sevinib, bu təbiət hadisəsinin hər birini (çərşənbələri) müxtəlif mərasimlərlə qeyd edirlər.

Boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə isə xalqımız tərəfindən böyük coşqu ilə qeyd edilir. Ölkəmizin bəzi bölgələrində İlaxır çərşənbə hətta Novruz bayramının özü qədər təntənəli keçirilir.

İlaxır çərşənbədə həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. Həmin gün küsülülər barışmalıdırlar. Qapı pusma, evdə ailə üzvlərinin hər birinin adına niyyət tutub şam yandırma, qonşularla, qohumlarla bayramlaşma və bir çox adət-ənənələr bu gün də yaşadılır.

Həmçinin bu günün başlıca özəlliyi ondan ibarətdir ki, qəbir üstünə gedilər, ölülərin ruhuna Quran oxunar, dua edilər. Axşam isə tonqalın üstündən yeddi dəfə o yan–bu yana atılar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlasını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, xəstəliklərdən qorunacaqlarına inanırlar.

İlaxır çərşənbədə bayram xonçasına Novruzun atributları olan səməni, paxlava, şəkərbura, qoğal, boyalı yumurtalar, müxtəlif çərəzlər - qoz, fındıq, iydə ilə yanaşı, həm də meyvə quruları da qoyulur və şamlar yandırılır.