"1 şəkərburaya görə 2 saat gəzməliyik" - DİETOLOQ
    • 18-03-2021, 15:08
    • 2 989

"1 şəkərburaya görə 2 saat gəzməliyik" - DİETOLOQ

Novruz bayramına sayılı günlər qalıb. Təbii ki, hər bayramda olduğunu kimi, bu dəfə də evlərdə bayramın əsas atributları olan şəkərbura, paxlava və qoğal hazırlanıb. 

Bayramda ölkə üzrə 9 qeyri-iş gününün olduğunu nəzərə alsaq, o zaman bişirilən şirniyyatlarla qidalanmanın aqibətini düşünmək o qədər də çətin deyil. "Bir şəkərbura ilə heç nə olmaz" deyib, gün ərzində bir neçəsini yeyirik. Amma özü kiçik kalorisi yüksək olan bu şirniyyatların gətirəcəyi çəki fəsadlarını isə nəzərə almırıq.

Dietoloq Ofelya Tahirova News24.az-a bayram bişmişlərinin yaratdığı əsas problemlərdən danışıb. O bildirib ki, yaşlı insanlara bu şirniyyatları yemək məsləhət görülmür:"Əsasən ürək, qan-damar problemi olanlar, şəkər xəstələri bacardıqları qədər bayram şirniyyatlarından az yeməlidirlər. Bircə şəkərbura, hətta yarım paxlava belə onlarda təzyiqin qalxmasına səbəb ola, səhhətlərində müxtəlif narahatlıqlar yarada bilir. Amma tam sağlam insanlara, nisbətən gənc və aktiv hərəkətdə olanlarda isə bu, bir o qədər fəsad yaratmır. Təbii ki, miqdarını aşmamaq şərti ilə. Xüsusi vurğulamaq lazımdır ki, burada həmin şirniyyatları yemək saatı da çox önəmlidir. Məsələn, biz axşam saatlarında yeməyə adət etmişik. Xüsusən də, bayram süfrələrinin qurulması o saata təsadüf edir. Bu da ən yalnış saatdır. Axşam saatlarında o cür ağır qidaların yeyilməsi yolverilməzdir. Şirniyyat yeyən insanlar limiti aşmamalıdır. Bir paxlava və ya şəkərbura kifayət edər. Miqdar aşıldıqca, problem çoxalır”.


Dietoloq bildirib ki, bayram süfrəsində ağır qidalar varsa, o zaman mütləq şəkildə yanında tərəvəz də olmalıdır: “Tərəvəz elə qida məhsuludur ki, tərkibində çox sayda antioksidant var. Onlar bədəni təmizləmə gücünə malikdirdilər. Həm də tərəvəzdə lif çox olduğuna görə, insanı tox tutur. Mən dietoloq olaraq insanalara yeməyin demirəm. Bu, mümkün deyil. Bunlar bizim adət-ənənəmizdir, illərdir davam edir. İllər öncə də şəkərbura, paxlava, qoğal yeyilib. Amma indiki qədər piylənmə, kökəlmə heç vaxt olmayıb. Çünki əvvəllər bu qədər stress və ən əsası geni dəyişdirilmiş məhsullar yox idi. Hazırda orqanizmin toksinləri bədəndən çıxarmağa gücü çatmır. Biz bayram şirniyyatlarının hazırlanmasında istifadə olunan məhsulların keyfiyyətinə önəm verməliyik. Hazır alınan şirniyyatlarda istifadə olunan yağların 99 faizi trans yağlardır. Onlar da orqanizmdə xərçəng yaradır. Üstəlik onların içinə qatılan qoz, fındığın saxlanma şəraiti düzgün olub-olmadığını da dəqiq bilmirik”.

Ofelya Tahirova bayram şirniyyatlarının kalori dəyərindən söz açıb: “Şirniyyatların kalori dəyəri onun həcmindən, içində olan qoz, fındıq və şəkərdən asılıdr. Hətta xəmirin qalınlığı belə burada rol oynayır. Şəkərburada ortalama 450 kalori var. Bu səbəbdən 1 ədəd şəkərbuaradan aldığımız kaloriyə görə, 1,5-2 saat normal tempdə gəzməliyik”.

Teymur Məmmədov