AFFA-nın bıçağı Azərbaycan futbolunun sümüyünə dirənib
    • 28-03-2021, 12:22
    • 1 412

AFFA-nın bıçağı Azərbaycan futbolunun sümüyünə dirənib

“İstefa mədəniyyəti” dedikdə, bizə yad və uzaq olan bir anlayış beynimizdə canlanır. Amma bu anlayışın yaxşı bir şey olduğunu hər birimiz bilirik. Yəni şəxs gördüyü işin öhdəsindən gələ bilməyəndə, ona verilən tapşırıqları icra etməyi bacarmayanda, xalqda hər dəfə məyusluq hissi yaradanda, oturduğu kresloya daha da möhkəm yapışmaq yerinə, ehmalca öz istəyi ilə həmin postdan uzaqlaşır. Necə də gözəl səslənir, eləmi? “Uzaqlaşır…” Amma bizdə bu uzaqlaşma hələ tam dərk edilməyib. Vəzifədə oturanların çoxu xalqın cibinə daha da yaxınlaşmağın tərəfdarıdır, nəinki uzaqlaşmaq. Elə götürək AFFA-nı.

Azərbaycan futbolu deyəndə, insanın simasına ağrılı, kinayəli bir gülüş qonur. Bu acınacaqlı hal son bir-iki ildə ortaya çıxmayıb. AFFA-nın fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi hər zaman qınanılır, insanların aqressiyasına səbəb olur. Bəs, xalqın başına hava gəlib ki, bu qurumu dayanmadan qınayır? Yox təbii ki. İnsanları hiddətləndirən isə qurumun tənqidlərdən nəticə çıxarmaması və “belə də olmalıymış” kimi davranmasıdır. Görəsən, Azərbaycan millisi hansı hesabla uduzmalıdır ki, bu qurumun rəhbərliyi tam tərkibdə istefa versin? Azərbaycan futbolunda biabırçılığın hər versiyası var. Geniş bir menyu düzəltmək olar. Ya da belə bir statistika: “Azərbaycan millisinin ən gözəl biabır olduğu oyunlar”. Artıq pisin içindən yaxşı seçə bilərik. Millinin məğlub olduğu oyunları araşdırmağa belə həvəs yoxdur. O qədər çoxdur ki, insan fikrindən daşınır, çarəsiz halda ümumiləşdirib yazırsan. Hərdən baxıram, tək-tük şəxslər millini müdafiə etməyə çalışır ki, bəs Azərbaycanın adını daşıyır, istənilən halda dəstək olaq. Ortaya bir sual çıxır: Uğursuzluğa illərdir dəstək oluruq, nə dəyişir? 

“Day-day” hesabına heyətdə yer almaq, akademiyaların az olması, korrupsiya, istedadlı gənclərin üzə çıxmaması və s. kimi yüzlərlə nöqsanı sadalamaq olar. Ümumiyyətlə, Azərbaycan futbolunda olan səhvlərdən kitab yazmaq mümkündür. Amma məsələ bu deyil. Problem rüşeymdədir. Rövnəq Abdullayev 13, Elxan Məmmədov isə 14 ildir ki, AFFA-da çalışır. Rövnəq Abdullayevin futboldan anlayışı olmadığı və sponsor kimi quruma rəhbərlik etdiyi çox insana məlumdur. Rövnəq Abdullayev Elxan Məmmədova güvənir, Elxan Məmmədov isə qeybdən gələn səslərə. Birində az, birində çox günah var demirəm. Məsələ burasındadır ki, bu şəxslər hər zaman biabır olmağımıza göz yumur və “əşi deyinib, susacaqlar” prinsipi ilə hərəkət edirlər. AFFA-nın bıçağı Azərbaycan futbolunun sümüyünə illərdir dirənib. Xalq artıq qınamaqdan belə yorulub, tükənib. Azərbaycan millisi məğlub olanda, şərhlərə baxıram, artıq nifrət dolu rəylərin yerinə, çarəsiz, taqətsiz fikirlər görünür. Məsələn, “təəccüblənmədim, bundan artığını gözləyəsi deyilik ki” və s.

Bu yazının da AFFA-ya təsir edəcəyinə inanmıram. Sadəcə “bundan artığını” nə vaxt gözləməli olduğumuzu hər iki şəxsin açıqlamasını istərdim. Ya da birdəfəlik desinlər əlinizi üzün, biz Azərbaycan futbolunun boğazını tamam üzəcəyik..