“Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” - FOTO
    • 21-09-2024, 01:18
    • 415

“Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” - FOTO


"Mən Reyhan Müslümovaya sənətkar deyirəm. Çünki o az yaşasa da, xatirələrdə çox gözəl qaldı. Çox pozitiv, deyib-gülən, paxıllıq bilməyən biri idi. Onu görən insan istəyirdi ki, elə gülsün. Səhnəyə çıxanda elə bir söz deyirdi ki, səhnədən gələnə qədər biz gülürdük. Konsertlərdə mənə deyirdi ki, sənin saçını bu gün mən düzəldəcəm, sən bu gün gözəl olmalısan. O səhnə üçün yaranmışdı. Səhnəyə yaraşırdı. "Dəli Kür" filmində onun səssiz bir obrazı var. Onu izləyəndə adam gözünü çəkmək istəmir. Mən qastrollara çox gedirdim, bəzən toylara gedə bilmirdim. Hamıya Reyhan Müslümovanı tövsiyyə edirdim. Çünki toyu da, konserti də gözəl aparırdı"

News24.az bildirir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova müğənni Reyhan Müslümovanı xatırlayarkən deyib. Müğənni bildirib ki, bu gün onun ad günüdür. O daha sonra əlavə edib.

"Əməliyyata getməmişdən öncə deyirdi ki, komplekslərim var. Əməliyyatlar da yeni-yeni yaranırdı. O qədər də genişlənməmişdi. Mən deyirdim ki, lazım deyil, sənə belə yaraşır, tanıyırlar, sevirlər, heç kimə qulaq asma. Nədənsə onu yoldan çıxartdılar. Səhnə adamı idi də. İstəyirdi çəkisini bir az azaltsın. Artıq kilolardan azad olmaq istəyirdi. Getdi əməliyyata. Ona əslində olmazdı. Çünki şəkər xəstəliyi var idi. Əməliyyat zamanı təzyiqi qalxmışdı. Kompleksi onu uçuruma apardı. Onun ölüm xəbərini eşidəndə şok oldum. O cür pozitiv, gülən, danışan, ölümü göz önünə belə gətirməyən sənətkar artıq həyatda yox idi. Bu mənim üçün gözlənilməz idi. Reyhan Müslümova ölümə hazır deyildi. Övladları da istəmirdi ki, əməliyyata getsin" deyə o bildirib.

Firuzə İbadova deyir ki, sənətkarı əməliyyat edən həkim də dünyasını dəyişib.

"Kilo ona yaraşırdı. Boyu da hündür idi, özü də gözəl idi. O vaxtın rəqabətləri indikilərdən deyildi. İndi daha dəhşətdir. O vaxt sənət rəqabətləri idi. Reyhan xanıma demirdilər ki, get pis görünürsən, səhnəyə yaraşmırsan. İndi amma adamın üzünə deyirlər. Reyhan xanıma qədər 1-2 adam etmişdi bu əməliyyatı, o da həvəslənmişdi ki, mən də edəcəm. Kaşki həkim deyərdi ki, sənə olmaz. Çünki yüksək şəkəri və təzyiqi var idi. Həkim onun mədəaltı vəzini deşdiyi üçün qanaxma olub və ölüm də bu səbəbdən baş verib. Həmin həkim də artıq dünyasını dəyişib. Heç bəlkə o həkim də istəməzdi ki, xəstəsi əməliyyat masasında dünyasını dəyişsin" deyə əməkdar artist bildirib.