"Ermənistan bu müqaviləyə naxələf çıxsa, XƏRİTƏDƏN SİLİNƏCƏK" – Müsahibə
    • 15-04-2021, 16:21
    • 728

"Ermənistan bu müqaviləyə naxələf çıxsa, XƏRİTƏDƏN SİLİNƏCƏK" – Müsahibə

“Dəmir yumruq Ermənistanın başına vurulub və havada durur. Ermənistan 10 noyabr bəyanatına naxələf çıxmağa çalışarsa, həmir yumruq onların başını əzə bilər”.

Bunu News24.az-a müsahibəsində Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Müsahibəni təqdim edirik: 



-YAP-dakı son islahatları necə qiymətləndirirsiniz?

-YAP Qafqazın ən böyük partiyası kimi islahatlardan kənarda qala bilməzdi. Cənab Prezident bunun siqnalını vermişdi. Dövr sürətlə dəyişir, hər şey təzələnir. Biz də bu sürətə uyğun olub, yenilənməliyik. Daha innovativ beyinlər və yeni biliklər əldə etməliyik. İşimizi elə qurmalıyıq ki, dünyada baş verən proseslərdən, islahatlardan Azərbaycan da geridə qalmasın. YAP baş partiya olaraq bu islahatların fövqündə olmalı idi.   

-Üçtərəfli bəyanat olmasaydı, hazırda hansı reallıq yaranacaqdı?


-1993-cü ildən etibarən BMT-nin qəbul olunmuş 4 qətnaməsini gözlədik. ATƏT-in Minsk Qrupu və həmsədr institutu yaradıldı. Bizi səbr etməyə vadar etdilər. Səbr etməyi bacardıq və xeyli gözlədik. Məsələnin sülh yolu ilə həll olunmasına razı idik. Sentyabrın 27-nə qədər biz sülhün tərəfində idik. Ancaq bununla belə Ermənistan hər şeyi etdi ki, müharibə olsun. 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz Ermənistana öz yerini göstərdi. Onlar çox böyük yara aldı və bu yaranı çətin ki, sağaldalar. Üçtərəfli bəyanat olmasaydı, Ermənistanın mövcudluğu sual altına düşəcəkdi. Bu bəyanat imzalanmasaydı, biz hətta İrəvana qədər gedə bilərdik. Bunun üçün Azərbaycanın kifayət qədər resursu var. Rusiya prezidentinin hər iki tərəfdən, xüsusilə, Azərbaycan rəhbərindən etdiyi xahiş nəticəsində döyüş dayandı. Kapitulyasiya aktı ilə Ermənistan məğlub olduğunu etiraf etdi. Dəmir yumruq hələ də yerə qoyulmayıb. O yumruq Ermənistanın başına vurulub və havada durur. Ermənistan bu bəyanata naxələf çıxmağa çalışarsa, həmir yumruq onların başını əzə bilər. Belə olan halda onlar dövlət kimi məhvə sürüklənə bilər.  


-Operativ Qərargahın qərarlarını məntiqli hesab edirsinizmi?

-Vətəndaşlarımız bir ildən çoxdur ki, stress altındadır. Dünya görmədiyi, bilmədiyi bəla ilə üz-üzədir. Nə tibb buna hazır deyildi, nə də insanlar. Azad yaşayan insanın polis nəzarətində evindən çıxması çox çətin prosesdir. Arzu edirəm ki, qapanmalar olmasın. Qapanmalar onsuz da stressli olan insanları dahada bədbinləşdirdi. Bundan əlavə, ictimai iaşə obyektlərində günəmuzd işləyən insanların vəziyyətini ağırlaşdırdı. Daha məqbul sistemin tapılmasının tərəfdarıyam. Açıb-bağlamaqla effekt olmadığını görürük. Tam yox, lokal qapanmaların olması daha məntiqlidir. 

-Biz bilirik ki, siz Şəki şəhərindən seçilmiş millət vəkilisiniz. Şəkidə vəziyyət necədir? Orada hansı islahatlar həyata keçirilir?

-Şəki 2008-ci ildən Azərbaycanı dünya tarixi şəhər liqasında təmsil edir. Şəki sənətkarlıq paytaxtıdır. Bundan əlavə 2016-cı ildə TÜRKSOY mədəniyyət paytaxtı seçilən yeganə Azərbaycan şəhəridir. 2019-cu ilin iyul ayında Cənab Prezident və Birinci vitse-prezident Mehriban Əliyevanın böyük səyi və zəhməti ilə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu, Azərbaycanın böyük uğurudur. Çox az şəhər var ki, YUNESKO-nun qayğısı altındadır. Şəki onlardan biridir. 


Şəkidə görüləcək işlər çoxdur. 3 ildir su və kanalizasiya işləri gedir. Bir az yollarla bağlı problemimiz var. Ancaq Cənab Prezidentin xüsusi tapşırığı ilə yeni yol çəkilməyə başlayıb. Yevlax tərəfdən olan yol tam istifadəyə verilib. İmkanlar daxilində quruculuq-abadlıq işləri gedir. Ancaq yenə də hər şeydən razı olduğumu bildirə bilmərəm. Çünki çox iş görülməlidir. Çalışıram ki, üzərimə düşən məsələləri həll edim. 2020-ci ildə baş nazirə Pedaqoji universitetin Şəki filialının müstəqil fəaliyyət göstərməsi ilə bağlı müraciət etmişdim. İndi o məsələyə baxılır. Bundan başqa, su-kanalziyasiya və asfaltlama məsələlərini qaldırmışam. Müraciətimə müsbət cavab verilib. Şəkiyə hər ay gedirəm. Vaxtaşırı qəbullar keçiririk. Çalışırıq ki, məsələləri yerində həll edək. 

Video: Fərid Şabanov