Tədrisi digər dillərdə aparılan I siniflərə qəbul bu formada olacaq
    • 20-04-2021, 12:35
    • 649

Tədrisi digər dillərdə aparılan I siniflərə qəbul bu formada olacaq

“Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə komissiyalarının rəyi əsasında aparılır”.

News24.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin əməkdaşı Elçin Kərimov deyib.

O, bildirib ki, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi məktəbinin tədris Azərbaycan dilində aparılan I siniflərinə qəbul uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında həyata keçirilir. Qeyd olunan təhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə qəbul isə həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibə və uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında aparılır”.

Elçin Kərimov vurğulayıb ki, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi məktəbi istisna olmaqla) qeydiyyat bu formada həyata keçiriləcək: “Təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, tədris digər dildə aparılan bölmə seçilərsə, ilk növbədə uşağın şifahi nitq bacarıqları müsahibə əsasında qiymətləndiriləcək. Övladı müsahibədən uğur qazanmış valideyn “Ərazi üzrə” bölməsini seçib müvafiq liseyə sorğu yerləşdirə bilər. Digər ərazilərdə yaşayan valideynlər (qanuni nümayəndələr) isə elektron sistemdə “Müsabiqə yolu ilə” bölməsini seçərək övladının həmin təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər. Müsabiqələr 5 iyul tarixindən 15 iyul tarixinədək keçiriləcək”.