-
- 20-04-2021, 12:45
- 1 618
“Gözləməzdim ki, o Anar bu Anara dönüşəcək”- MƏMMƏD İSMAYIL - MÜSAHİBƏ
(Müsahibənin I hissəsi bu linkdə: https://news24.az/musahibe/60132)
Özündən əvvəlkilər üçün “dünyaya çığır açan”, qapısını ağacdələnlər döyən, hərdən “Mən şair deyiləm atam, qardaşım” deyib Allahdan “sözünü geri istəyən”, hərdən də “Gəzmək istәyirәm dünyanı yazda, Hələ yaşamağa dəyər bir az da” deyib ondan ömür möhləti uman, “Haqdan gələn şairin səsi qürbətdən gələr” deyə ömrünün neçə-neçə yaradıcı ilini Azərbaycandan uzaqda keçirən Məmməd İsmayıl Vətənə gəlib. “Nə yaxşı ki, Vətən var, yaddan çıxdığın yerdə” desə də, burda nə onun özü, nə də sözü unudulub.
Xəyallarımın şəhəri - Şuşa...
- Şuşadan söz düşmüşkən, bu səfərinizdə ora getməyi düşünürsüzmü?
- Şuşayla bağlı şerimdə belə misralar vardı:
Yurdun sinəsində Şuşa ürəkdir.
Yaşaya bilərmi ürəksiz ölkə...
Şuşa xəyallarımın şəhəridir. Orda dəfələrlə olmuşam. O vaxtlar AzTV-də “Odlar diyarı” adlı bir veriliş vardı. O zamanlar siz bəlkə heç dünyaya gəlməmişdiniz. Texniki imkansızlığa görə heyif ki, o verilişin lentlərini saxlamaq mümkün olmayıb. O veriliş ilk milli proqram idi. Ünvanımıza minlərlə məktub gəlirdi.
Yeri gəlmişkən, Azərbaycan televiziyası tarixində ilk “Qızıl qələm” mükafatını da o proqrama görə mənə vermişdilər, heyiflər olsun ki, indi o mükafatı dəyərdən salıb puluyla hər yoldan ötənə satırlar, o zamanlar isə…
O zaman Şuşa, Daşaltı, İsa bulağı haqda ayrıca proqram hazırlamışdıq. Sonralar da ora gedib-gəlmişəm. Əlbəttə, Şuşaya getmək istəyirəm. Həm də necə istəyirəm, necə arzulayıram...
Şuşa hadisələrindən iki ay əvvəl verdiyim müsahibənin sonunda yazmışdım ki, mən məğlub millətin məğlub şairi kimi dünyadan köçməyəcəm.
Çox şükür, qismətimdə bu günləri görmək də varmış. Qarabağın, Şuşanın azad olunduğunu görmək nəsibim oldu. Şuşanı bizim oğullarımız aldı.
Əvvəllər də deyirdim, torpaq dünyanın heç yerində ermənini sevmir, torpağın enerjisi ilə erməninin bioenerjisi uyğun gəlmədiyindən onları üstündən qovur.
Belə bir şerim vardı:
Qarabağ, səsləyir o yerlər məni,
Yorulmuş göz kimi qızarır qürub,
Yerdən güc almayan yersiz erməni,
Orda bir ayağı qaçaraq durub.
Beləcə zamanla Ermənistan türk toplumunun işçərisində əriyib gedəcək. Bunun qarşısını nə rus, nə də Avropa ala bilər. Mən buna inanıram. Dağlıq Qarabağ milli oyanışın ən böyük çəkim mərkəzidir. Dünyanın hər yerində türklər Qarabağ hadisələri barədə reportajlar verirdi. Hamısı bizim yanımızdaydı. Qarabağ dolayısı ilə vahid türk birliyinin gərəkən futuhatının gerçəkləşməsi üçün bir zəmin hazırlamaqdadır.
Ən naxışlı ilanlar Atbulaqdadır
- Bayaq torpağın bioenerjisindən danışdınız. Bu mənada Tovuzdan çox uzaq düşməyiniz, gediş-gəlişinizin səngiməsi həyatınızda nəyisə dəyişibmi?
- Azərbaycanın hər yeri gözəldir, amma mənim üçün Tovuz bir başqadır. Bir xatirə danışım, demək, Əbdül Mahmudbəyov, mən, bir də rəhmətlik Fərman Kərimzadə dost idik. Bir dəfə Şeyx bizi Hacıqabula, Atbulağa aparmışdı. Orda söz düşdü, mən dedim, Tovuzdanam, ora belə gözəldir, Fərman dedi, mən Vedidənəm, Vedini təriflədi:
Vedinin yani daglar..
Urəyi, cani daglar...
Burda bir el var idi..
Siz deyin, hanı daglar?!!
Şeyx də qayıtdı ki, dədəmin gözləri haqqı, Atbulaqdan gözəl yer yoxdu, heç yerdə Atbulağın ilanı kimi naxışlı ilan olmaz. Yəni hər kəs doğulduğu yerin xüsusi gözəlliyini görüb ondan ləzzət alır.
Həyatımda nəyinsə dəyişməyinə gəlincə, mən elə yerlərdən, elə körpülərdən keçib gəlmişəm ki, danışsam, kimsə inanmaz.
Amma keçirən keçirir. Çünki bəlli, yazılan qədərim var.
6-7 yaşım olanda kəndimizə Fatma adlı falçı qadın gəlmişdi. Hamının falına baxırdı. O zaman nəsildə ən zəif, xəstə uşaq məndim. Falçı anama dedi ki, ay Gülzar, bilirsən sənin oğlun neçə yaş yaşayacaq?! 96! Özü də çox hörmətli adam olacaq. Sonra qonşu uşaqların da falına baxdı. Amma heç kəsin oğluna o sözlər deyilmədi.
Aradan 50-60 il keçdi. 2012-ci ildə Kırımın Koktebel şəhərində şeir şöləninə qatılmışdım. Çox gözəl bir tədbir idi. Dünyanın hər yerindən ora adamlar gəlmişdi. Arada çıxıb şəhəri gəzirdik. Qəribə, gözəl bir yerdi, şəhərin küçələri çığır kimidir, hamısı yamacdan sahilə Qara dənizə doğru uzanır. Cığırların biri ilə geriyə otelə qayıdanda gördük, yolda stol qoyulub, üstündə də bir lampa. İki adam da oturub, biri o birinin falına baxır. Yanımdakılar dedilər ki, Məmməd müəllim, bəlkə biz də falımıza baxdıraq. Dedim, vallah, mən baxdıra bilərəm, amma siz cavansınız, elə bir sirriniz olar ki, mənim eşitməyimi istəməzsiniz...
Nəsə, razılaşdıq, öncə mən oturdum. Falçı qadın əlimdəki çizgiləri diqqətlə incələyib dedi ki, siz bəlkə də həyatınızdakı missiyanızın artıq bitdiyini düşünürsünüz. (O zaman da mənim hardasa 73 yaşım vardı.) Amma dedi, sizi qarşıda daha böyük işlər gözləyir. Mən o zaman düşündüm, sözgəlişi deyir. Mənə pis söz deməyəcək ki... Ondan sonra qayıtdı ki, bilirsiniz nə qədər yaşayacaqsıznız? 95 il, sonra dedi, yox, səhv elədim, 96 il. Aradan 60 il keçəndən sonra eyni söz təkrarlanırdı. Bunları niyə deyirəm, Allah istəyəndə səni həyatın bütün sınaqlarından keçirə bilir. O fala baxdırmadan sonra həyatımda doğrudan da gözləmədiyim hadisələr baş verdi. Şer bazarının kasad olduğu Avropa ölkələrinin bir çoxunda dalbadal kitablarım yayınlanmağa başladı. Təkcə Fransada 3 kitabım işıq üzü gördü. Mümkün olmayan bir şey idi. Amma müşkülü mümkün edən Allaha şükürlər olsun. Kimsənin gözləmədiyi mənə nəsib oldu.
Ürəyimə xəncər saplayıb getdi
Bu günlərdə Avropada “Fikir çırpıntıları” adlı daha bir kitabımın çıxması gözləniliır.
Bir ay qabaq da Təbrizdə bir kitabım çıxdı. Və arzularımızın, xəyallarımızın şəhəri Təbrizdə kitabımın nəşri mənimçün bir tale qismətidir. Bax, bu da missiyadır. Türkçü dostum vardı, Ənvər Börüsoy. Xərçəngdən əziyyət çəkdiyini eşitmişdim. Mənə Türkiyəyə zəng eləmişdi, dedi- Məmməd müəllim, istəyirəm Təbrizdə sizin də kitabınız çap olunsun. Dedim, dostum, boş ver. Xəstəliyini bildiyimdən belə deyirdim, halbuki Təbrizdən əsərlərimin çap olunması ən ümdə arzularımdan biri idi… Dedi, yox, niyə başqalarının kitabı çap olunsun, sizinki yox. İnadına məcbur olub kitabımın birinin elektron variantını göndərdim. Börüsoy dünyasını dəyişməzdən 3 gün qabaq Təbrizdən mənə məktub gəldi ki, şerləriniz çox xoşumuza getdi. Biz onu fars əlifbasına çevirmişik, bu günlərdə işıq üzü görəcək. Ənvərə zəng elədim, dedim, sənin təşəbbüsün baş tutdu. Kitab çapdan çıxdı, bir gün sonra isə nə yazıq ki, Ənvər dünyasını dəyişdi. Missiyaya bax da... Mənim ürəyimə xəncər saplandı elə bil, son nəfəsini verməzdən qabaq mənə bu xeyirxahlığı eləyib getdi.
Taleyin mənim üçün seçdiyi şəhər
- Qədərdən, Vətəndən, Şəhidlərdən danışdıq. Türkiyənin özgürlüyü üçün on minlərlə şəhid verən Çanaqqalada yaşamanız da bir qədər, bir tale, bir missiyadırmı?
- Bəli, Çanaqqala taleyin mənim üçün seçdiyi şəhərdi. Sizə bir sirrimi açım ki,AzTV-nin sədri vəzifəsindən çıxmaq məcburiyyətində qalanda 3 il Tovuzda kəndimizdə balalarımı yaşatmaq üçün əllərim qabar ola-ola kartof əkib becərməklə məşğul olmağa başladım. Asan deyildi, əlbəttə. İl boyu çalışsam da, övladlarıma zar-zor çörək pulu qazana bilirdim, ona görə də əlimin hər yerdən üzüldüyünü görüb Türkiyəyə iş dalınca getməli oldum. Onu vurğulamaq istəyirəm ki, heç kəs mənə dəstək olmaq istəmirdi, hətta o zamanlar yüksək vəzifədə olan “dostlarım” belə mənə adi, sıradan bir iş vermədilər…
"Çanaqqalaya taleyimin şəhəridir" fikrini boşuna söyləmədim. Türkiyədə başqa bir yerdə yox, məhz Çanaqqalada işləməli olmağım gerçəkdən də möcüzəli bir iş idi. Dardanel boğazını keçib Avropa ilə Asyanın qovşağında qərar tutan Şəhidlər şəhəri Çanaqqalanın müqəddəs torpağına ayaq basanda tüklərim biz-biz oldu. Bilirsinizmi niyə? Yadıma düşdü ki, dünyanın düz vaxtındaa 8-9 il əvvəl belə bir şer yazmışdım. O şerdə indi gerçəkləşən bir dördlük yer alırdı:
İki sahil yaxasıyam,
Həsrət-həsrət baxasıyam.
Mən Dardanel boğazıyam
Hər kəs məndən keçib gedər.
Bu ürəyə dammaya nə deyəsən?! Niyə Türkiyənin 80-dən çox vilayətinin başqa bir yerində yox, Dardanel boğazının sahilində qərar tutan Çanaqqada iş tapmalıydım?! Bir bizim ömrümüz var, bir də taleyin ömrü. Niyə Berinq, Bosfor, Cəbbəlütariq boğazları yox, səkkiz il bundan əvvəl şerimdə Dardanel boğazının adı çəkilmişdi? Dedim ya, seçilən bəndədir, seçən Allahdır, burası taleyin, qədərin mənim üçün seçdiyi bir şəhərdir. Dünyanın sevimli insanları olduğu kimi sevimli yerləri də var. Çanaqqala Allahın sevdiyi yerdir. Həm də Şəhidlər duyarıdır. Amma Bakı da Şəhidlər diyarı oldu. Sözün tam anlamı ilə. Nə də olsa Vətən, Vətəndir. Bir var, bulağın gözündən su içəsən, biri də var, kimsə sənə bulağın suyunu gətirə. Yəni enerjini mənbənin özündən almaq başqadır. Bu mənada Vətənə gəlmək, yeni duyğular yaradır, adama yeni enerji verir.
Allah qəni-qəni şəhidlərimizə rəhmət eləsin. Onlar o yaşda dünyalarını dəyişdilər. Onlar da sevmək, sevilmək istəyirdilər. Çox ağrılı bir şeydir…
Bir var, qalib ölkənin şəhidi olasan, bir də var əli hər yerdən üzülən, məğlub ola-ola minlərlə şəhid verən bir ölkənin övladı!
Allah ən yaxın dostlarımı sınadı
- Bayaq dediniz ki, əsl şair hər kəsə müxalif olmalıdır. Yazıçılar Birliyinə muxalifliyiniz yenə də davam edirmi? O vaxtdan nə dəyişib?
- Müxalif deyəndə ki?! İşsiz qaldığım ilk illərdə mən Yazıçılar Birliyinin katiblərindən biri idim. O dövrdə Allah sanki ən yaxın dostlarımı sınaqdan keçirdi. O mənada ki, katibi olduğum Yazıçılar Birliyinin, üzvü olduğum Musavat Partiyasının, o zamanlar bir çox yüksək vəzifələri tutan “dostlarımın” bir-bir qapılarına getdim, dedim ki, neçə illər televiziyanın rəhbəri olmuşam, indi sıradan, adi iş verin, işləyim ki, balalarım acından ölməsin. Məni heç bir işə yaxın qoymadılar. İndi fikirləşirəm ki, nə yaxşı ki, qoymadılar. Bir şerim var, deyirəm:
Çəkib elin gözündən
Bizi yasaqlayarlar,
Bizi qovub bu gündən,
Tarixə saxlayarlar.
Çünki mənə münasibətin Ramiz Mehdiyev, Fatma Abdullazadə kimi görünməz vahiməsi vardı. ”Azacıq aşım, ağrımaz başım” düşüncəsiylə dediyim ünvanlar və adamlardan heç biri mənə görə döşünü qabağa vermədi.
2014-cü ilin yayında Yazıçılar Birliyinin qurultayına məni də dəvət etmişdilər. Və elə həmin ilin noyabrında mənim 75 yaşım tamam olacaqdı. Bunu mən bildiyim kimi Yazıçılar Birliyinin rəhbərliyi də bilirdi. Açığını deyim ki, o qurultaydan gözləntilərim çox böyük idi. Özü də orda çıxış eləmək niyyətində deyildim. Amma qurultayın birinci günü günortaya qədərki bölümdə çıxış edənlərin demək olar ki, hamısı çıxışında Anar bəyin təkrar sədr seçilməsini ön plana çıxarırdılar. Nə ədəbi problemlər, nə ölkənin içinə düşürüldüyü vəziyyət, nə Dağlıq Qarabağ, nə də qaçqınlar problemi demək olar ki, dilə gətirilmirdi.
Halbuki bu problemlər ona görə gündəmə gətirilməli idi ki, qurultayda 15-20 xarici ölkədən gələn qonaqlar iştirak edirdi və ən azından yol xatirələrində də olsa, öz ölkələrində bu məsələləri dilə gətirə bilərdilər.
Çıxışçılar arasında adım yox idi, ona görə də günün ikinci yarısındakı iclasda çıxış etmək istəyində bulundum və içimdən keçən problemləri dilə gətirdim… Əlbəttə, tənqidi çıxışım birlik rəhbərliyinin xoşuna gəlməyəcəkdi. O dərəcədə ki, qurultaydan sonra keçrilməli olan 75 illiyimi "75 yaşın yubileyləri keçirilmir" bəhanəsi ilə qeyd etməyəcəkdilər. Halbuki elə həmin dövrlərə bir neçə tanış-bilişin 75 illik yubileylərini yağlaya-ballaya qeyd etdilər. Fikirləşin ki, ölkədə ədəbiyyat ensiklopediyası hazırlanır, birliyin bütün üzvlərinin adı yer alır, mənimkindən başqa. Bütün tanınmış yazar və şairlərin 25 min tirajla əsərləri yayınlanır, yenə mənim adım siyahiya salınmır.
Dünyaca ünlü Çingiz Hüseynova xalq yazıçısı adı verilmir, amma onun bir hekayəsi səviyyəsində belə olmayan Elmira Axundovaya, Natiq Rəsulzadəyə xalq yazıçısı adı verilir. Bu nə ölçü-biçidir belə?
- İllər keçib, amma nə YB dəyişib, nə Anar…
- Mən Anarı yazıçı kimi qəbul etmiş adamam. Vaxtilə onun “Sizsiz” əsərini oxuduqdan sonra gecə həyəcanlanıb ona xüsusi məktub da yazıb yollamışam. "Başıma bir bəla gəlsə, arxamda kim dayanar" sualına cavab axtaranda birinci ağlıma gələn Anar olurdu. Bu da son! Məni ağrıdan bax, budur. Mən gözləməzdim ki, o Anar bu Anara dönüşəcək. Bir də axı, Anarın əlavə şöhrətə ehtiyacı da yoxdur! Niyə sən bunu fikirləşmirsən? Məmməd İsmayıl nə səbəbə səninlə düşmənçilik etməlidir ki?
Nəcib Fazil Qısakürək demiş,
Qədər bəyaz kağıza südlə yazılmış yazı,
Əlindəsə bəyazdan gəl də, ayır bəyazı…
- Bir vaxtlar rəhbəri olduğunuz AzTV-ni izləyirsinizmi?
- İzləmirəm. Yaşın elə vaxtıdır ki, desəm vaxtım çatışmır, sizə təəccüblü gələr. Yaşın bu dönəmində vaxtım daha çox arxivimi, yazı-pozularımı səhmana salmaqala keçir. Bu günlərdə AzTV kanalı haqqımda veriliş hazırlamaq fikrinə düşəndə proqramın rejissoru kanalın arxivini ələk-vələk etsə də, mənimlə bağlı sıradan bir kadr da tapa bilməmişdi. Halbuki bir zamanlar haqqımda o kanalda tamaşaçı sevgisi qazanmış onlarca proqramlar saxlanırdı, onların hamısı əvvəlki AzTV rəhbərlərinin göstərişi ilə çöplüyə atdırılıb. Mən heç, qızım İntizarı bu televiziya kanalından o birinə, ondan bu birinə ötürürlər. Adama deyərlər, vicdanınız olsun! Deyək ki, mən Heydər Əliyevə müxalif olmuşam, sizə nə düşüb? Bir zamanlar Zoşşenkoyla Anna Axmatova haqda Kommunist Partiyası Mərkəzi Komitəsinin xüsusi qərarı vardı, onlara yasaq qoymuşdular. Heydər Əliyevin, yaxud İlham Əliyevin mənimlə bağlı bir qərarı varmı? Yoxdur. O zaman sizə nə düşüb? Arada fürsət yoxsulları var, barmaqlarını yuxarı zilləyib onların adıyla aşağılarda istədikləri adamlardan qisas almağa çalışırlar, bir çox hallarda aşağılarda baş verənlərdən yuxarıların xəbəri olmur bəlkə də. Amma ölkədə baş verənlərdən, xüsusiylə mədəniyyət sahəsində baş verənlərdən yuxarıların xəbərinin olması o insanların birbaşa vəzifə borcu olmalıdır. Burada Anna Axmatovanın bir şerini xatırlamaq yerinə düşərdi:
За меня не будете в ответе,
Можете пока спокойно спать.
Сила — право, только ваши дети
За меня вас будут проклинать.
Mən də yazmışam ki,
Adım anılmaz ki, vaxt darlığında
Yazsanız, quruyar qәlәminiz dә.
Amma fikrinizin mәzarlığında
Tutun. Gәrәk olar son qәminizdә…
…Vaxtı yox, özünü göstərir saat,
Vaxtı soruşdunmu özünü deyər.
Mənəm dilinizin ucundakı ad,
Bir gün dil yanılıb düzünü deyər…
…Olsun yatan baxtım sizә hәdiyyә
Vaxtı oyadanlar baxtı oyatmır.
Adım cәrgәnizdәn silinib deyә
Bircә әlinizin xınası çatmır..
...Canım da adımın ögey Vətəni,
Tükənər günlərim bu gün-sabahda
Mənəm içinizdə, suçunuz, məni
Unutmaq da çətin, xatırlamaq da.
- Gənclərdən kimi oxuyursuz?
- Yeni qəribə bir nəsil gəldi. İndi o nəsil hardasa 40-50 arasındandır. Çox fərqli şer düşüncələri vardı. Amma nə yazıq ki, onların bir çoxu nəsrə keçdi. Sabitqədəm olmadılar.
Salam Sarvan, Aqşin Yenisey, Aqşin Evrən var.. Sözün doğrusu, indi yazanlar o qədər artıb ki... Mənim "bu fərqli bir nəfəsdir" deyib adlarını çəkmək imkanım yoxdur. Amma bu, o gənclərin günahı deyil. Zamanın və məkanın günahıdır.
Baxmayaraq ki, siz iltifat edib hələ gəncsiz, filansız deyirsiniz, amma mən artıq ömrümün qürub çağına gəlib çatdığımı bilirəm. Və insan öz yaratdıqlarının içində itib- batır. Çünki zaman çox qısadır. İnternetdə, bilgisayarda o qədər materiallarım var ki. Demək, bir dosyanın 21 nüsxəsi var. Onların hamısını təmizləmək zaman alır. Povestlərim, hekayələrim, aforizmlərim, məqaləllərim... Mən getdikdən sonra...
- Allah gecindən versin, Məmməd bəy.
- Bu, çox doğal bir şeydir. Bəlkə də kimlərsə araşdıracaq, axtaracaq o yazıları, çaba göstərəcəklər, amma mənim yaradacağım düzəni kimsə yarada bilməz. Ona görə başımı başqa işlərə qarışdırmıram. Son illər ancaq yazılarımı təmizləməklə, yarım qalan işlərimi tamamlamaqla məşğulam. Sel gələndə qızıl da gətirir, lehmə də, qum da. Bu mənada yazılarımı çeşidləyirəm, o düzeyə gətirim ki, kimsə çap eləmək istəyəndə rahatca götürüb istifadə edə bilsin. Ondan başqa mən sadəcə öz əsərlərimlə məşğul deyiləm.
V.M.Jirmunskinin “Türk qəhrəmanlıq dastanları” müazzam bir kitabdır. Köməkçilərimlə birgə bu kitabın tərcüməsini elədik. Onu Türkiyədə məndən, bizdən başqa kimsə eləməyəcəkdi. Oysa ki, türklüyə bundan böyük xidmət yoxdur. Beləcə, vaxtımı mənə bir şeylər verə biləcək ədəbiyyatlara həsr edirəm. Bunları vurğulamaqda məqsədim odur ki izləyə bilmədiyim vaxt darlığıdır və bu gəncliyin günahı deyil. Mən izləmirəm, bu o demək deyil ki, yazan, yaradan yoxdur.
Rəna CUMAQIZI
FOTO: Fərid ŞABANOV