Süd istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı
    • 1-05-2021, 12:20
    • 498

Süd istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan News24.az-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, ev 13 ünvanında fəaliyyət göstərən Məmmədov Seymur Fikrət oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitariya norma və qaydalarına, gigiyena tələblərinə əməl olunmadığı məlum olub.

Müəssisədə istehsal olunan qatıq, dovğa və kəsmik məhsullarından nümunələr götürülərək laborator analizlərin aparılması üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Aparılmış müayinələr nəticəsində, “Ağ süd” əmtəə nişanlı pəhriz kəsmiyinin normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi, qatıq məhsulunda isə bağırsaq çöpü qrupu bakteriyaları (BÇQB) aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisədə süd məhsullarının istehsalı məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.