Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Məşvərət Şurası YARADILDI
    • 11-05-2021, 14:49
    • 530

Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Məşvərət Şurası YARADILDI

Qafqaz Müsəlmanları İdarəsində Azərbaycanda fəaliyyətdə olan dini konfessiya rəhbərlərinin Məşvərət Şurasının təsis yığıncağı keçirilib.

Bu barədə News24.az-a İdarədən bildirilib.

Məlumata görə, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin iştirak etdiyi yığıncağın gündəliyinə Məşvərət Şurasının təsis edilməsi; Məşvərət Şurasının üzvlərinin təsdiqi və Sədrinin seçilməsi; Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin Məşvərət Şurasının Əsasnaməsinin təsdiq edilməsi məsələləri daxil idi.

Təsis yığıncağının iştirakçılarına Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Allahşükür Paşazadə müraciət edərək bildirib ki, Azərbaycandakı multikultural və tolerant mühit, milli-mənəvi dəyərlərə göstərilən diqqət, qabaqcıl və müasir beynəlxalq standartlara cavab verən din-dövlət münasibətləri ölkəmizdə mövcud olan dini konfessiyaların aralarındakı əlaqələrin xarakterinə də ciddi təsir edib. Belə ki, bu konfessiyaların qurumları və rəhbərləri uzun illərdir ki, öz aralarında işgüzar və səmimi münasibətlər yaradaraq bütövlükdə ölkəmiz üçün, dini ictimaiyyətimiz üçün əhəmiyyət kəsb edən taleyüklü məsələlərin həllində birgə fəaliyyət göstərir, əksər hallarda eyni, yaxud oxşar mövqe nümayiş etdirirlər. Təcrübə göstərir ki, bu cür fəaliyyəti konfessiyalarımızda birləşən dindarlar da ürəkdən bəyənir və dəstəkləyirlər. Bizim fikrimizcə, belə əməkdaşlığımızın müəyyən təşkilati format çərçivəsində davam etdirilməsi daha səmərəli nəticə verə bilərdi. Biz belə hesab edirik ki, birgə fəaliyyətimizin daha mütəşəkkil və daha dayanıqlı davam etdirilməsi və daha səmərəli nəticələr əldə etmək üçün Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin Məşvərət Şurası adlı qurumun təsis edilməsi yerinə düşərdi.

Çıxış edən dini konfessiya rəhbərləri də Məşvərət Şurasının yaradılmasının dinlərarası və din-dövlət münasibətlərinin təkmilləşdirilməsində vacib rol oynaya biləcəyini qeyd ediblər. Yığıncaq yekdilliklə qərara alıb ki, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin Məşvərət Şurası yaradılsın.

A.Paşazadə məlumat verdi ki, təsis yığıncağında iştirak edən şəxslər ölkəmizdəki əsas dini konfessiyaların rəhbərləridir və onların öz konfessiyalarını ölkə səviyyəsində etibarnaməsiz təmsil etmək hüquqları var. Həmin şəxslərin Məşvərət Şurasına üzv seçilmələri mövcud praktikaya və Məşvərət Şurasının hazırlanmış əsasnamə layihəsinin göstərişlərinə zidd olmazdı.

Müzakirə və çıxışlardan sonra A.Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, Alban-udi xristian dini icmasının sədri Robert Mobili, Qafqaz Müsəlmanları İdarəsi sədrinin I müavini, müfti Salman Musayev Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının üzvləri kimi təsdiq ediliblər.

Müəyyən edildi ki, Məşvərət Şurasının tərkibi açıqdır və Məşvərət Şurasının Əsasnaməsini qəbul edən Azərbaycanda fəaliyyət göstərən digər konfessiyaların da müəyyən edilmiş qaydada həmin Məşvərət Şurasına daxil olmaq üçün müraciətlərinə baxıla bilər.

Yekdilliklə qərar qəbul edildi ki, Məşvərət Şurasının sədri vəzifəsinə A.Paşazadə seçilsin. Onun məlumatı dinlənilib və Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının Əsasnaməsinin layihəsi təkliflər nəzərə alınmaqla təsdiq edilib.