Azərbaycanla Serbiya arasında əlaqələrin gələcək inkişafına dair fikir mübadiləsi aparıldı
    • 3-06-2021, 17:55
    • 565

Azərbaycanla Serbiya arasında əlaqələrin gələcək inkişafına dair fikir mübadiləsi aparıldı

Azərbaycan ilə Serbiya arasında bütün sahələri əhatə edən strateji tərəfdaşlığın növbəti müsbət nəticəsi kimi, bu il iki ölkənin ticarət dövriyyəsində 3 dəfəyə yaxın artım qeydə alınıb. İkitərəfli əlaqələrin daha da geniş miqyas alması üçün potensial böyükdür.

News24.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri  Sahil Babayev Serbiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Draqan Vladisavljeviç ilə görüşündə bildirib.

Nazir Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfəri, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistanın işğalından azad edildiyini vurğulayıb. İşğalçı Ermənistan tərəfindən dağıdılmış ərazilərimizdə aparılan böyük quruculuq işlərini diqqətə çatdırıb. O, dost ölkələrin şirkətləri kimi, Serbiya şirkətlərinin də həmin ərazilərdə aparılan yenidənqurma işlərində fəal iştirak edəcəyinə əminliyini ifadə edib.

S.Babayev 2013-cü ildə Azərbaycan və Serbiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamənin, 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının ikitərəfli əlaqələrin inkişafında xüsusi önəmini diqqətə çatdırıb. Beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin faydalı əməkdaşlıq və qarşılıqlı dəstək nümayiş etdirmələrinin məmnunluq doğurduğunu bildirib.

Nazir Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın fəaliyyətindən bəhs edib. Komissiyanın Bakıda keçirilməsi nəzərdə tutulan 6-cı iclasında da ikitərəfli ticarət və iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün əsas prioritetlərin müzakirə mövzusu olacağını deyib.

 D.Vladisavljeviç Serbiyanın Azərbaycana dost münasibətini, ölkəsinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini vurğulayıb. Ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrin daha da genişlənməsi üçün öz töhfələrini verməyə çalışacağını diqqətə çatdırıb.

Görüşdə  Azərbaycan və Serbiya arasında iqtisadi, sosial, elm, mədəni və humanitar əlaqələrin genişləndirilməsi işlərinə və gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.