"İdman və ədalətli oyunlar” müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar
    • 1-07-2021, 11:37
    • 1 045

"İdman və ədalətli oyunlar” müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının və “Olimpiya dünyası” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən “İdman və ədalətli oyunlar” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin iyunun 30-da mükafatlandırılması mərasimi təşkil olunub.

MOK mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK baş katibinin müavini Azər Əliyev, Xalq rəssamı Ağaəli İbrahimov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Məlumat verilib ki, 3-8 və 9-16 yaş qrupları üzrə keçirilən müsabiqəyə paytaxt və Naxçıvan ilə yanaşı, 42 bölgədən ümumilikdə 2114 rəsm əsəri daxil olub. Onlardan 1560-ı 9-16, 554-ü isə 3-8 yaş qrupları üzrə qəbul edilib.

Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qonaqları salamlayaraq gənc rəssamları tədbirdə görməkdən məmnunluq hissi keçirdiyini bildirdi. “Gənc uşaqların rəsm müsabiqəsində iştirakı onların həyatında maraqlı hadisə kimi qalacaq. Bu müsabiqə ilk dəfə deyil ki, tərəfimizdən keçirilir. Müxtəlif illərdə biz Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə rəsm müsabiqələri təşkil edərək, istedadlı insanların əsərlərini qiymətləndirmişik. Peşəkar rəssamlar arasında keçirilən müsabiqədə qalib olan rəsmlər Beynəlxalq Olimpiya Komitəsinin muzeyinə göndərilib. Bu gün də növbəti belə tədbir üçün buraya toplaşmışıq. Fürsətdən istifadə edib, bu müsabiqədə iştirak etdiyinizə görə hər birinizə təşəkkür edirəm”, - deyə Çingiz Hüseynzadə bildirib. 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev isə müsabiqəyə təqdim olunan əsərlərin biri-birindən maraqlı olduğunu diqqətə çatdırdı.  

“Bütün iştirakçılar çox böyük məsuliyyət və sevgi ilə müsabiqədə iştirak etdilər. Müsabiqəyə təqdim olunan əsərlərin sayı bizi təəccübləndirdi. Iki mindən çox əsərin müsabiqəyə təqdim olunması onu deməyə əsas verir ki, Azərbaycanda rəssamlıq sənətinə böyük maraq var. Bununla yanaşı, sevinirik ki, uşaq və yeniyetmələr arasında idmana da böyük maraq var. Onlar öz rəsm əsərlərində bunu bir daha sübut etdilər. Müsabiqə iştirakçıları öz rəsm əsərlərində ədalət prinsiplərinə fərqli yanaşmalarla toxunublar. Onlar öz ideyalarını fərqli şəkildə kağız üzərində təsvir ediblər. Biz çalışmışıq ki, hər bir incə detalı nərədən keçirərək əsərləri qiymətləndirək. Düşünürəm ki, hər bir iştirakçı nəticələrdən razı qalacaq. Müsabiqədə qaliblər üçün cəmi üç yer nəzərdə tutulub. Əlbəttə biz bütün iştirakçıları qalib elan edə bilmərik. Ona görə də seçim etmək bizim üçün çox çətin idi”, - deyə Xəzər İsayev bildirib.

Daha sonra hər iki yaş qrupu üzrə qaliblərə pul mükafatları və diplomlar, 4-10-cu yerlərin sahiblərinə isə həvəsləndirici mükafatlar və diplomlar təqdim olunub.
Mövzuya uyğun çəkilmiş bütün rəsm əsərlərinin sahiblərinə MOK-un Ədalətli Oyunlar Komissiyası tərəfindən sertifikat veriləcəyi də bildirilib. Bu barədə iştirakçılar e-mail vasitəsilə məlumatlandırılacaqlar.

Qeyd edək ki, rəsmlər hər yaş qrupuna uyğun olaraq, Azərbaycan Rəssamlar İttifaqını təmsil edən peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Seçim zamanı rəsmin mövzuya uyğunluğu, əsərin sahibi tərəfindən çəkilməsi, kompozisiyanın qurulması, işlənməsi və rəng ahəngi əsas götürülüb.

Münsiflər heyətində Xalq Rəssamı, Professor, Əməkdar incəsənət xadimi, Rusiya İmperator Rəssamlıq Akademiyasının Fəxri üzvüAğaəli İbrahimov, Xalq Rəssamı, professor Arif Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvü, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev təmsil olunublar. 

"İdman və Ədalətli Oyunlar” mövzusunda rəsm müsabiqəsinin qalib və mükafatçıları ilə tanış olun: 

9-16 yaş 
1 -ci yer Aslanlı Elmir
2 -ci yer Aydəmirova Aytac
3 -cü yer Abadzadə Ülkər

3-8 yaş 
1 -ci yer Cəbiyeva Mədinə  
2 -ci yer Qənbərli Zümrüd
3 -cü yer İrem Göktaş

9-16 yaş qrupu üzrə mükafatçılar:

9-16 yaş qrupu üzrə mükafatçılar:

Həvəsləndirici mükafatlar: Həşimli Gülay, Hacıyeva Dilbər, Əliyeva Ayan, Məhərrəmli Günəş, Həsənli Səbirə, Abdullayeva Mədinə, İsmayılov Hüsna

3-8 yaş qrupu üzrə
Həvəsləndirici mükafatlar, Suxandani Əli, Həsənli Rəna, İbrahimli Zeynəb, Mikayılzadə Mələk, Mirsəməd Nağıyev, İnci Qurban, 
Vüqar Əhmədov. 

- [ ] Xüsusi həvəsləndirici mükafatlar (Fiziki məhdudiyyətli uşaqlar arasında)

Mikayılbəyli Əlihüseyn

Səlimli Xədicə

Səlim Abdullayev