"Çin ordusunu buna görə GÜCLƏNDİRƏCƏK" - ŞƏRH
    • 2-07-2021, 12:35
    • 723

"Çin ordusunu buna görə GÜCLƏNDİRƏCƏK" - ŞƏRH

ABŞ dövlət katibi Entoni Blinkenin bir neçə gün əvvəl Amerikanın nüfuzlu “Nyu York Tayms” qəzetinə verdiyi müsahibə Rusiya və Çində narazılıq yaradıb. Blinken müsahibəsində deyib ki, Vaşinqton və Paris Çinin beynəlxalq aləmdə dominant rol oynamasınını əleyhinədir və bu istiqamətdə birgə addımlar barədə düşünürlər. Entoni Blinken Fransa prezidenti Emmanuel Makronla görüşdüyünü və Çin təhlükəsi barədə ortaq baxışa malik olduqlarını deyib: “Çin özünə uyğun beynəlxalq nizam formalaşdırmağa çalışır. Bunun qarşısını birgə almalıyıq. Çinin lider olduğu dünya liberalizmə zərbədir. Məqsədimiz Çini geriyə atmaq deyil. Əsas vəzifəmiz beynəlxalq aləmdə mövcud durumun davamlılığını təmin etməkdir. Əks halda dünyanı xaos bürüyəcək və Çin bundan öz məqsədləri üçün istifadə edəcək. Fransa prezidenti də bizim kimi düşünür”.

Mövzu ilə bağlı fikirlərini News24.az-la bölüşən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Çin müxtəlif ölkələri “bir kəmər – bir yol” layihəsində iştiraka dəvət edib: “Bu layihə həmin dövlətlərə əlavə qazanc əldə etməyə imkan verəcək.

Bəs, Amerika dünyaya hansı alternativi təklif edib?

Vaşinqtonun hələ ki, konkret təklifi yoxdur. Bu təklif olmayınca Pekin “bir kəmər – bir yol” layihəsini icra etməkdə maneə görməyəcək. Maraqlıdır ki, Blinkenin Çin əleyhinə müsahibəsinə ilk reaksiya Pekindən deyil, Moskvadan gəlib. Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova Blinkenin Çin haqqında tənqidi fikirlərini “liberal totalitarizm” kimi diyərləndirib: “Qərb Çinin qlobal proseslərdə və dünya iqtisadiyyatındakı rolunu azaltmağa çalışır. Qərb özündən razıdır. Qərbin irəli sürdüyü “dəyərlər” liberal totalitarizmdən başqa bir şey deyil. Qərb Çini hədəf seçib. “Böyük yeddilər”in son toplantısı da bundan xəbər verir”.

Bəs, “Böyük yeddilər”in son toplantısında kim nə demişdi?

Elxan şahinoğlunun sözlərinə görə. ABŞ prezidenti Co Bayden Çini durdurmağın vacib olduğunu söyləmişdi: “Böyük Britaniyanın baş naziri Boris Conson bununla razılaşaraq Çinə qarşı ortaq hərəkət etməyin əhəmiyyətini ifadə etmişdi. Buna baxmayaraq, Almaniyanın kansleri Angella Merkel insan hüquqları mövzusunu arxa plana atmadan ölkəsinin Çinlə əməkdaşlığa davam edəcəyini vurğulamışdı. Bu o deməkdir ki, Avropanın özündə Çinlə bağlı yekdil fikir yoxdur. Bu arada, ABŞ Müdafiə Nazirliyi öz hazırlıqlarını görür. Amerikalı general Mark Milli Konqresdə çıxışında yaxın bir ildə Çinin Tayvana hücum etməyəcəyini desə də, gələcək təhlükə barədə xəbərdarlıq edib: “Çin 2027-ci ildə ordusunun 100 illiyi qeyd edəcək. Çin bu tarixə qədər ordusunun gücünü və hərbi texnika ilə təhcizatını artıracaq, o cümlədən hərbi-dəniz qüvvələrinin imkanlarını da genişləndirəcək. Bundan sonra Tayvan adasının ələ keçirilməsi aktuallaşacaq. Bu 2027-2035-ci illər arasında baş verə bilər”. Amerikalı general bütün bunları Konqresdə ona görə deyib ki, qanunverici orqan ABŞ dəniz qüvvələrinin Tayvan ətrafında gücünün artırılmasına və buna lazımi maliyyə ayırmasına dəstək versin”.

Siyasət şöbəsi