Ağdamda 2 elektrik yarımstansiyası tikilir - VİDEO
    • 6-07-2021, 10:44
    • 671

Ağdamda 2 elektrik yarımstansiyası tikilir - VİDEO

“Azərenerji” ASC Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə ölkə prezidentinin tapşırığına uyğun olaraq kompleks işlər həyata keçirir.

News24.az-ın “Azərenerji”yə istinadən verdiyi məlumata görə, Ağdam rayonunun böyüklüyü və ərazidə böyük layihələrin gerçəkləşəcəyi nəzərə alınmaqla burada 2 ədəd 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir. “Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, “Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın Şelli kəndi istiqamətində inşa edilir.

Ən əsası sözügedən yarımstansiyalara “Xındırıstan” yarımstansiyasından 40 km məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir. Bundan əlavə “Ağdam-1” yarımstansiyasının yaxınlığında “Azərenerji”nin Qarabağ Regional idarəetmə mərkəzi də tikilir ki, burada ən müasir rəqəmsal avadanlıqlar yerləşdirilməklə işğaldan azad edilən rayonların avtomatik idarəetməsi reallaşdırılacaq.

“Ağdam-1” yarımstansiyasında işlər sürətlə aparılır. “Ağdam-2” yarımstansiyasında isə artıq işlərin böyük hissəsi görülüb, tikinti yekunlaşma mərhələsinə daxil olub. 40 km məsafədə çəkilən 110 kV-luq elektrik verilişi xəttinin, o cümlədən “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, eləcə də burada inşa edilən Qarabağın Regional idarətmə mərkəzinin tikintisinin yaxın aylarda yekunlaşdırılması planlaşdırılıb.