"Azərbaycanın KTMT-yə müşahidəçi statusunda qatılmasının ƏLEYHİNƏYƏM" - Elxan Şahinoğlu
    • 8-07-2021, 11:00
    • 608

"Azərbaycanın KTMT-yə müşahidəçi statusunda qatılmasının ƏLEYHİNƏYƏM" - Elxan Şahinoğlu

Erməni separatçıları Rusiya hərbçilərinin nəzarət etdiyi bölgəmizdən azərbaycanlı hərbçini yaralayıblar və izahat da vermirlər. Bu xəbərlə paralel mediada Azərbaycanın Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müşahidəçi statusunda qatılacağı xəbəri də yayılıb.

Bu yaranmış suallara cavab verən politoloq Elxan Şahinoğlu News24.az-a bildirdi ki, iyulun 1-də Düşənbədə KTMT üzvü olan ölkələrin Parlament Assambleyası Şurasının iclası olub və qərara alınıb ki, bloka tərəfdaş ölkələr institutu təsis edilsin.

“Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin sözlərinə görə, KTMT-yə tərəfdaş ölkələr onun strukturlarında həlledici səsə malik olmayacaqlar, amma sənədlərin hazırlanmasında və kollektiv qərarların işlənilməsində iştirak edəcəklər. Volodinin növbəti cümləsi də maraqlıdır: “Bloka üzv ölkələrin prinsiplərini bölüşən ölkələrlə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi təmin ediləcək”. Volodin bundan sonra keçib əsas məsələyə və KTMT ilə əməkdaşlıq üçün bir sıra dövlətlərin maraq göstərdiyini bildirib. Dövlət Dumasının Avrasiya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov isə konkret iki ölkənin adını çəkib: “Azərbaycan və Pakistan”. Leonid Kalaşnikovun sözlərinə görə, Azərbaycan və Pakistan KTMT yanında müşahidəçi statusu almaq üçün çoxdan öz arzularını ifadə ediblər”.

Elxan Şahinoğlu deyir ki, Azərbaycan rəsmilərinin məsələyə aydınlıq gətirməsinə ehtiyac var. Həqiqətənmi rəsmi Bakı Azərbaycanın KTMT-də müşahidəçi statusu almasını istəyir və bununla əlaqədar olaraq təşkilata müraciət edib? Əgər belə bir müraciət olubsa, bunun hansı zərurətdən yarandığı izah edilməlidir.

“Şəxsən mən Azərbaycanın KTMT-yə müşahidəçi statusunda qatılmasının əleyhinəyəm. KTMT Rusiyanın yaratdığı amorf bir qurumdur. Bəli, KTMT Azərbaycanla Ermənistan arasındakı müharibəyə qarışmadı, qarışa da bilməzdi, çünki müharibə Azərbaycan ərazisində gedirdi, təşkilatın Ermənistanı müdafiə etməsi üçün heç bir əsası yox idi. Digər tərəfdən Rusiyanı və Ermənistanı çıxmaq şərtilə təşkilatın digər üzvləri birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa önəm verirlər. Rusiyadan son illər silah və hərbi texnika da almırıq ki, KTMT-nin üstünlüklərindən istifadə edək. Rusiya ərazimizə atılan “İsgəndər – M” raketlərinin izahını da vermədi. Bütün bunlar varkən, təşkilata müşahidəçi statusuyla niyə qatılaq ki? Türkiyə ilə imzalanan “Şuşa bəyannaməsi” də Azərbaycanın KTMT-dən məsafə saxlamasını diqtə edir. Azərbaycanın KTMT-yə müşahidəçi statusunda qatılması sadəcə, Rusiyaya lazımdır ki, bizi öz orbiti ətrafında saxlaya bilsin. Bizə bu lazımdırmı? Buna baxmayaraq, Azərbaycan hakimiyyəti içərisində KTMT-yə yaxınlaşmaq siyasətini dəstəkləyənlərin olduğunu istisna etmirəm”.

Politoloq qeyd etdi ki, prezident İlham Əliyev beynəlxalq tədbirlərdən birində rusiyalı jurnalistin mövzuyla bağlı sualına cavab verərkən artıq bu məsələyə son nöqtə qoymuşdu: “Azərbaycanın hərbi bloklara qoşulmaq planı yoxdur”. İnanmaq istərdim ki, bu plan dəyişməyib...

Siyasət şöbəsi