Füzulidə iki nəfərin minaya düşməsi ilə bağlı cinayət işi başlandı
    • 8-07-2021, 19:03
    • 783

Füzulidə iki nəfərin minaya düşməsi ilə bağlı cinayət işi başlandı

Füzuli rayon prokurorluğu bu gün rayonun işğaldan azad olunan ərazisində minaya düşən şəxslərlə bağlı növbəti məlumat yayıb. 

Füzuli rayon prokurorluğundan News24.az-a verilən məlumatda bildirilib ki, iyulun 8-də iki nəfərin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Araşdırmalarla müəyyən edilib ki, iyulun 8-də Füzuli rayon sakinləri 1976-cı il təvəllüdlü Nuriyev Nuru Aslan oğlu və 1982-ci il təvəllüdlü Həşimov Elnur Aydın oğlu rayonun işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşüb, nəticədə Nuru Nuriyev hadisə yerində vəfat edib, Elnur Həşimovun isə sol ayağı amputasiya edilib.

Faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.