Bu gün Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür
    • 8-11-2018, 14:34
    • 1 637

Bu gün Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür

Bu gün Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür.

News24.az xəbər verir ki,Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli fərmanı ilə noyabrın 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Ötən əsrin əvvəllərindən Bakının mənzərəsinin gözəlləşməsi, şəhərin böyüməsi və inkişaf etməsi, sənaye obyektlərinin, zavodların, fabriklərin istifadəyə verilməsi şəhərə insan axınını sürətləndirib. Bu isə tədricən yerüstü nəqliyyat vasitələrinin imkanları məhdudlaşdırıb. Bu səbəblərdən Bakıda metropolitenin inşası qərara alınıb.

1949-cu ildə Bakı Baştunelmetrotikinti İdarəsi yaradılıb. Bu idarə Bakı metropoliteni tikintisinin baş podratçısı vəzifəsini öz üzərinə götürüb. 1966-cı ildə yaradılan Bakı Metropoliteni İdarəsi tərkibində 6 xidmət - hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri olmaqla, Şərqdə ilk, postsovet məkanında isə beşinci metropoliten olub.



1967-ci il noyabrında metronun tikintisinin 5 stansiyası - «Bakı Soveti» (indiki «İçərişəhər»), «Sahil», «28 Aprel» (indiki «28 May»), «Gənclik» və «Nəriman Nərimanov» stansiyasından ibarət 9,2 km-lik yeraltı xətti istifadəyə verilib. Üçü dərin özüllu olan bu stansiyalar arasında müntəzəm hərəkət təmin olunduqdan üç ay sonra, 1968-ci il fevralın 22-də «28 May-Xətai» xətti üzrə ilk qatar hərəkətə başlayıb. Bununla da, «28 May» stansiyası «Nəriman Nərimanov» və «Xətai» stansiyalarına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişinlər üçün keçid stansiyasına çevrilib.