“Mənim atam qəhrəmandır” silsilə layihəsinə bu dəfə boks üzrə çempionlar da qatıldı - FOTO/VİDEO
    • 23-07-2021, 17:40
    • 784

“Mənim atam qəhrəmandır” silsilə layihəsinə bu dəfə boks üzrə çempionlar da qatıldı - FOTO/VİDEO

Qurban bayramı münasibətilə “Fire Land Production”ın təşkilatçılığı, Müdafiə Nazirliyinin, Boks Federasiyasının və “Fairmont Baku, Flame Towers” un dəstəyi ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün növbəti dəfə “Mənim atam qəhrəmandır” adlı bayram tədbiri həyata keçirilib. Tədbirin məqsədi torpaqlarımız uğrunda canını fəda edən əziz şəhidlərimizi bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etmək, eləcə də balacaları boks idman növü üzrə maarifləndirməkdir.

Tədbir ilk olaraq II Fəxri xiyabanda, qəhrəman övladlarının atalarının məzarlarını ziyarət etməklə başlayıb. Şəhidlərin məzarı üzərinə gül dəstələri qoyan balacalar, Azərbaycan bayrağını açaraq simfonik orkestrin müşayiəti ilə Azərbaycan himnini səsləndiriblər.

Daha sonra isə iştirakçılar ekskursiya avtobuslarında “Yaşa-yaşa, Azərbaycan” mahnısını ifa edərək şəhəri dolaşıblar. Qeyd edək ki, şəhid övladları atalarının rəsmi həkk olunmuş köynəklərdə, dəstək üçün iştirak edən digər uşaqlar isə subay şəhidlərimizin rəsmləri olan geyimdə tədbirə qatılıblar.

Tədbirin rəsmi hissəsi Baku “Flame Towers”də baş tutdu. Ekranda Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” şüarı altında əsgərlərimizin qələbə ruhu ilə döyüşlərə qatıldığından, xalq artisti Nurəddin Mehdixanlının onlara bütün müharibə boyu aşıladığı birlik və inam hissindən bəhs edən videogörüntülər göstərildi. Tədbirin aparıcısı Leyla Quliyeva qəhrəman övladlarını, xanımlarını və tədbirə qatılan qonaqları salamladıqdan sonra müzəffər ordumuzun şəhid qəhrəmanlarını bir dəqiqəlik sükutla yad etməyə çağırdı. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Namiq Cavadov “Fire Land Production”ın rəhbəri Cəlal Qurbanova həyata keçirdiyi “Mənim atam qəhrəmandır” silsilə layihəsinə görə təşəkkür etdi. Daha sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov çıxış edərək gələcəyimiz olan uşaqlarımızın idmana marağını artırmağı tövsiyə etdi. Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Fərhad Acalovu öz növbəsində bildirdi ki, Federasiyanın nəzdində olan Bakıda və regionlarda bütün boks zalları və məşqçilər təmənnasız olaraq qəhrəmanlarımızın övladlarının ixtiyarındadır. 

Daha sonra səhnəyə tanınmış idman telejurnalisti Sənan Şəfizadə çıxaraq, Fərhad Acalovla qəhrəman övladlarını virtual boks rinqinə dəvət etdi. Sparinqə boks üzrə dünya çempionumuz Şahin İmranov tanınmış idman ustalarıyla birlikdə uşaqlara boksun ilkin elementlərini göstərdilər.

Boks federasiyası və “Fire Land” tərəfindən hədiyyə olunmuş boks əlcəkləri elə yerində sınandı, uşaqlar boks üzrə ustad dərsinə böyük həvəslə qatıldılar. 

Tanınmış sənətçilərdən Təranə Muradova və Natiq Şirinov da uşaqlara ustad dərsi keçdilər.

“Fire Land Production” tərəfindən uşaqlara hədiyyə olunan milli-mənəvi irsimizin simvoluna çevrilən kələğayılarla uşaqlar Təranə Muradovanın və onun köməkçisinin rəhbərliyi ilə milli rəqsimizin hərəkətlərini öyrəndilər. Natiq Ritm Qrupunun rəhbəri Natiq Şirinov da uşaqlara ritmin nəbzini tutmağı öyrətdi. Boks üzrə Olimpiya, Dünya və Avropa çempionları, məşhur sənətkarlar uşaqlara öz sənətlərinin sirrlərini öyrətməklə, onlara dövlətimizin zəngin mədəniyyətindən, tarixindən və qələbə ruhundan xəbər verdilər.

Daha sonra tədbirin fəxri qonaqları tərəfindən şəhid övladlarına bu gecədən bir xatirə olaraq “Xarı Bülbül” döş nişanı təqdim olundu.

Gecənin ən həssas məqamlarından biri də xalq artisti Zülfiyyə Xanbabayevanın “Ata” mahnısını ifa etməyi oldu. Ekranda şəhidlərimizin ailə fotoşəkilləri canlandı. Əbədiyyətə qovuşan qəhrəmanlarımızın həyat yoldaşları və sənətçilərimiz, bütün qonaqlar göz yaşlarına hakim ola bilmədilər. 

Yekunda şəhid övladları səmaya ağ göyərçinlər uçuraraq, dünyaya “Müharibə olmasın!” mesajını ötürdülər. 

“Mənim atam qəhrəmandır” silsilə layihəsinin müəllifi, “Fire Land Production”ın rəhbəri, tanınmış nəğməkar şair Cəlal Qurbanov bildirdi ki, bu layihə mütəmadi olaraq Azərbaycanın hər bir bölgəsində həyata keçiriləcək. Ali məqsəd - qəhrəmanlarımızın əmanəti olan övladlarını müdafiə etmək, onları diqqət mərkəzində saxlamaq, onların həyatında baş verən ən böyük itkinin, ata itkisinin, ağrısını bacardığımız qədər azaltmaq, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad etməkdir. /Oxu.az/