Yunis Səfərovu Suriyaya göndərən şəxs müəyyənləşdi: həbs olunanlar var-FOTO
    • 15-07-2018, 16:49
    • 1 254

Yunis Səfərovu Suriyaya göndərən şəxs müəyyənləşdi: həbs olunanlar var-FOTO

Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovun əvvəllər hazırda İran İslam Respublikası ərazisində yaşayan Tohid İbrahimbəyli tərəfindən hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərildiyi müəyyən edilib. 

News24.az hüquq mühafizə orqanlarına istinadən xəbər verir ki, mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli hələ 2017-ci ilin yanvarında radikal şiə təriqətçilərinə məxsus "nur-az.com” internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış edib.


Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olub ki, bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərilib. İstintaq zamanı Göyüşov Taleh Həsən oğlu və Tohid İbrahimbəylinin yaxın qohumları İbrahimli Həbib Əkbər oğlu, Musayev Pərviz Əlimusa oğlu, Ziyadov Elmir Savadxan oğlunun Yunis Səfərovla birgə İran İslam Respublikasının Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib. Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov bu ilin 10 iyul tarixində Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub.

Qeyd edilən şəxslər 14 iyul tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.