"Gec-tez hərbi əməliyyatlarla Ermənistanın təxribatlarına son qoyulacaq"- Zaur Məmmədov
    • 2-08-2021, 12:59
    • 433

"Gec-tez hərbi əməliyyatlarla Ermənistanın təxribatlarına son qoyulacaq"- Zaur Məmmədov

“Bu gün biz 44 günlük müharibənin qələbə əhval-ruhiyyəsi ilə yaşasaq da, məlumdur ki, Ermənistanın havadarları və Ermənistan tərəfindən təxribatlar davam edir. Ermənistan daha çox revanşizmi siyasi yollarla həll etmək istəyir”.

Bunu News24.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov deyib.


O bildirib ki, Ermənistanın axasında olan bəzi qüvvələr hələ də onu təxribatlara cəlb edib, öz resurslarını verəcəyini iddia edərək aldatmağa çalışırlar: “Müharibənin həm Ermənistanla, həm də Ermənistanın müxtəlif havadarları ilə fərqli vaxtlarda baş tutması istisna deyil. Təsadüfi deyil ki, 10 noyabr sazişindən sonra demək olar ki, hər ay Azərbaycan ordusu Pakistan və Türkiyə ilə birgə hərbi təlimlər keçir. Həmçinin ölkəmiz bir sıra hərbi əməkdaşlıq sazişlərinə də imza atdı. Eyni zamanda Müdafiə Nazirliyində bəzi kadr dəyişiklikləri baş verib. Baş Qərargah rəisinin dəyişdirilməsi də buna sübutdur. Bütün bunlar təbii ki, müsbət istiqamətdə öz nəticəsini verəcək. Azərbaycan əsgəri və ordusu daim döyüşə hazırdır. 

Düşmən tərəfi də bilsin ki, qarşımızda kimin olmasından asılı olmayaraq, ordumuzun arsenalında ən yüksək texnologiyalara sahib, modern döyüşlər üçün tətbiq edilən silahlar var. Bununla yanaşı, Azərbaycan ordusu özünün yüksək peşəkarlıq və döyüşkənlik ruhunu da 44 günlük müharibədə ortaya qoydu. Xalq-iqtidar birliyi də bu müharibədə qalibiyyəti şərtləndirən amillərdən biridir. Qarabağın bəzi hissələri ilə bağlı təxribatlar gözlənilən idi. Əfsuslar olsun ki, qarşı tərəf diplomatiya və ya yumşaq dilin nə olduğunu anlamır. Gec-tez hərbi əməliyyatlarla bu təxribatlara son qoyulacaq. Süni problemləri yenidən yaratmaq, Qarabağın statusu ilə bağlı məsələləri gündəmə gətirmək, sərhəddə Azərbaycan ordusuna hücum etmək Ermənistan dövlətinin iflası ilə nəticələnə bilər”. 

Siyasət şöbəsi