“Ermənistanın təxribatları ona BAHA BAŞA GƏLƏCƏK” - ŞƏRH
    • 26-05-2021, 14:15
    • 655

“Ermənistanın təxribatları ona BAHA BAŞA GƏLƏCƏK” - ŞƏRH

“30 il torpaqlarımızı işğal altında saxladıqları üçün Ermənistan tərəfi sərhədin olmamasına öyrəşib. Bu, onlara özbaşınalıq etməyə əsas verdi. İndi isə biz onları tərbiyə etməyə çalışırıq ki, sərhəd olmalıdır”.

Bunu News24.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.


Politoloq bildirib ki, Qarabağda təxribatlar çox olacaq: “Bu təxribatlara qarşı informasiya savaşını gücləndirməliyik. Çox təəssüf ki, bu istiqamətdə böyük uğurlar qazanmamışıq. Vətən müharibəsində qələbə qazanıb, topraqlarımızın çox hissəni əldə etdik. Ancaq hibrid savaşında ermənilər bütün təxribatlardan istifadə edib, bizi üstələyirlər. Buna görə də fəallığı artırıb, qabaqlayıcı addımlar atmalıyıq. Dünyanı inandırmalıyıq ki, Ermənistan tərəfi təxribatlar törədir. Bu istiqamətdə fəaliyyətimizi genişləndirməliyik”.

E.Şahinoğlunun fikrincə, hadisələr yenidən alovlana bilər: “Sərhəddə çiyin-çiyinə toqquşmalar var. Ancaq istisna deyil ki, silahsız toqquşmalar silahlıya çevrilsin. Əgər bu hadisə baş versə, günahkarı Ermənistan olacaq. Biz sərhədlərimizi müəyyənləşdirməliyik, texniki məsələlər həll olunmalıdır. Ermənistan çalışır ki, prosesə üçüncü dövlətləri və təşkilatları qoşsun. Ancaq böyük dəstək ala bilmir. Nə Rusiya prosesə müdaxilə edir, nə də Ermənistanın çox arzuladığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT). 

Əslində, Ermənistan özü müharibə ehtimalından qaçmalıdır. Toqquşma ehtimalı bizə də fürsət verər ki, geridə qalan problemlərimizi həll edək. Biz Qarabağda problemlərin 85 faizini həll etmişik. Hələ ki, Xocalıda, Şuşanın kəndlərində, Xankəndində yoxuq və Laçın dəhlizinə nəzarət etmirik. Əgər təxribat olsa, bu məsələləri sürətli həll etməliyik. Ermənistanın təxribatı özlərinə baha başa gələ bilər”.

Siyasət şöbəsi