Azərbaycanlı alim: “Qütblər əvəzlənəcək, materiklər parçalanacaq, meşə yanğınları DÜNYANIN MƏHVİNƏ...”
    • 2-08-2021, 15:29
    • 868

Azərbaycanlı alim: “Qütblər əvəzlənəcək, materiklər parçalanacaq, meşə yanğınları DÜNYANIN MƏHVİNƏ...”

“Bizi 10-20 ildən sonra qlobal istiləşmə yox, qlobal soyuqlaşma prosesi gözləyir”.

Bunu News24.az-a açıqlamasında dünyada baş verən ekoloji dəyişiklikləri şərh edən Azərbaycan Ekologiya Standartları Monitorinq Fondunun rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rauf Sultanov deyib.

Qütblər əvəzlənəcək

Professor  qeyd edib ki, qlobal istiləşmə suyun okeanlardan və dənizlərdən buxarlanması prosesidir: “Atmosferə buxar vasitəsilə qalxan su yenidən dövr edir. Bu su çaylar vasitəsilə okean və dənizlərə axıdılır. Yaz, yay, payız, qış olduğu kimi qlobal istiləşmə, qlobal soyuqlaşma da təxminən 50-100 il arası bir-birini əvəz edir. Artıq zamanla qütblər bir-birini əvəz edəcək. Məsələn, şimal bölgəsi cənub, cənub bölgəsi isə şimal olacaq. Materiklər parçalanması nəticəsində yeni qitələr ortaya çıxa bilər. Alimlər sübut ediblər ki, bu proseslər gedir. Yer kürəsində baş verən istiləşmə və ya soyuqlaşma yaşadığımız planetlə əlaqəli deyil. Yer kürəsi kainatın bir hissəsidir. Kainatda baş verən proseslər yerdə baş verən hadisələri nizamlayır. Buzlaqların əriyib okeanların və dənizlərin səviyyəsinin artmasını anormal proses kimi dəyərləndirmək doğru deyil. Bu, təbiidir”.

Meşələrin məhvi canlı aləmin olmağına bərabərdir

Ekoloq meşə yanğınlarının ziyanlarını belə izah edib: “Meşə yanğınlarının müxtəlif səbəbləri var. Bəzən vulkandan, bəzən isə adi şüşə butulkadan meşə yana bilər. Butulkanın yaratdığı şüadan yanğın geniş miqyasa keçə bilər. Meşələrin yanması, daşqınların baş verməsi, dağlarda uçqunların olması təbii prosesdir. 

Yer özü ona dəyən ziyanı bərpa etmək qüvvəsinə malikdir. Ancaq antropogen amillər çox güclü olduğu üçün təbiət ona dəyən ziyanı bərpa edə bilmir. Meşələr var ki, ağacların hündürlüyü 50-70 metrdir. Bu hündürlükdə olan meşələri bərpa etmək üçün 1 yox, 3 insan ömrü lazımdır. Bəzi ərazilər var ki, 40-50 ildir süni meşə yaradıblar, ancaq həmin meşənin hündürlüyü hardasa 3-4 metrdir. Yəni meşələrin bərpasına yüzilliklər lazımdır. Meşələri qorumaq lazımdır. Meşə insan həyatı üçün böyük əhəmiyyət kəsb edir. Həm oksigen ifraz edir, həm də qida zənginliyində meşənin rolu böyükdür. Otlar üzərinə düşən günəş enerjisinin 0,3 faizini, meşələr isə 3 faizini yaşıl kütləyə çevirir. Aradakı fərq böyükdür. Beləliklə meşə həm oksigen ifraz edir, həm də yaşıl kütlə əmələ gətirir. Türkiyədəki meşə yanğınları təkcə onların iqtisadiyyatına yox, həm də dünyanın oksigen ehtiyatına ciddi zərbə vurur. Harada meşə yanırsa, dünyanın oksigen ehtiyatı tükənir. Havada 21 faiz oksigen var. Bu oksigen yaşadığımız planetdə bərabər miqdarda paylanılır”.

Oksigen qazanmalıyıq

Rauf Zeynalov bildirib ki, meşələrin tamamilə məhv olması canlılar aləminin məhvinə bərabər prosesdir: “Çünki burada balans var. Bataqlıqları qurutmağın belə tərəfdarı deyiləm. Bataqlıqların dünya miqyasında su ekosisteminin qurulmasında rolu böyükdür. Bataqlıqları qurumaqla torpaqların erroziyasına və deqradasiyasına şərait yaratmış oluruq. 

Dünyada əmələ gələn oksigenin 60 faizi dənizlərdə, okeanlarda və çaylarda olan bitkilərin hesabınadır. Ancaq dənizlərdə neftlə çirklənən suları yenidən bərpa etmək və ya təmizləmək olmur. Buna böyük vəsait lazımdır. Yəni dənizləri, okeanları, çayları da təmiz saxlamalıyıq”.