-
- 6-08-2021, 16:37
- 1 536
Qazilər ən çox əlillik dərəcələrinin təyinatından şikayətçidirlər- Ali Məhkəməyə infotur -FOTOLAR
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin və Azərbaycan Respubilkası Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə qazilərin hüquqi maarifləndirilməsi yönündə infotur keçirilib.
News24.az xəbər verir ki, Ali Məhkəmədə baş tutan infoturda qurumun rəhbərliyi, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti və fəal üzvləri iştirak ediblər.
Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri Şahin Qəhrəmanov qaziləri Ali Məhkəmənin binası ilə tanış edib, daha sonra onların üzləşdiyi hüquqi problemləri dinləyib və hər birini maraqlandıran sualları cavablayıb.
İnfoturda çıxış edənlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şəhid ailələri və qazilərə, müharibə iştirakçılarına diqqət və qayğı yönümündə həyata keçirdikləri uğurlu fəaliyyətdən, hüquqi maarifləndirmənin əhəmiyyətindən söz açıblar.
İnfoturla bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Hüquqi Məsələlər üzrə sədr müavini Məcid Məmmədov mətbuata açıqlamasında bildirib ki, 44 günlük Vətən Müharibəsi dövründə sağlamlığını itirmiş qazilərimizin hüquqi maarifləndirilməsini vacib hesab edərək Ali Məhkəmə rəhbərliyi ilə birgə 30 qazinin hüquqi dinləməsini həyata keçiriblər.
Məcid Məmmədov onu da qeyd edib ki, hazırda Vətən Müharibəsi iştirakçılarının əsas şikayətləri yaralı qazilərin əlillik dərəcələrinin təyin olunması, cərrahiyyə əməliyyatları ilə bağlıdır. Sədr müavini bütün bu məsələlərlə bağlı aidiyyatı qurumlarla əlaqə saxladıqlarını və sözügedən məsələlərlə bağlı müvafiq addımların atıldığını vurğulayıb.