Vətən müharibəsində xüsusi xidmətləri olan FHN əməkdaşları mükafatlandırıldı
    • 5-07-2021, 14:59
    • 724

Vətən müharibəsində xüsusi xidmətləri olan FHN əməkdaşları mükafatlandırıldı

Ağdam rayon Quzanlı qəsəbəsində Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində xüsusi xidmətləri olmuş Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının mükafatlandırılması mərasimi keçirilib.

News24.az xəbər verir ki, mükafatlandırma mərasimində dövlət rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin rəhbərləri, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi ziyarət olunub, önünə əklil və gül dəstələri düzülüb.

FHN Qarabağ Regional Mərkəzində keçirilən mərasimdə çıxış edənlər 44 günlük haqq savaşında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı tarixi zəfərdən, xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyulmasından danışıblar.

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildirib ki, tədbiri keçirməkdə məqsəd Prezident İlham Əliyevin “dəmir yumruq” ifadəsindən ruhlanaraq Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına mənəvi dəstək olmaq, eyni zamanda, vətəndaş həmrəyliyi nümayiş etdirməkdir. İctimai Birlik tərəfindən Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak etmiş digər dövlət və özəl qurumların əməkdaşlarının da mükafatlandırma mərasimlərinin keçirilməsi nəzərdə tutulur.

Rəsmi hissə bitdikdən sonra Ağdam Musiqi Məktəbinin şagirdlərinin maraqlı çıxışı olub. Fövqəladə Hallar Nazirliyinin 120 əməkdaşına fəxri fərman və hədiyyələr təqdim edilib.