-
- 9-08-2021, 11:40
- 556
“Strateji tərəfimizlə çalışmalarımızı genişləndirməliyik” - ŞƏRH
Ermənistan müharibədə ağır məğlubiyyətdən sonra ikinci şokunu yaşadı – Azərbaycan bu ölkə ilə az qala 30 il nəzarətsiz qalan sərhədini müəyyənləşdirməyə başladı. Ermənilər Azərbaycan hərbçilərini yaxınlıqlarında görürlər. İrəvan bu vəziyyətdə sərhədin müəyyənləşməsi məqsədilə Bakı ilə danışıqlara razı olmaq əvəzinə Rusiyaya yalvarmağa başladı ki, “gəlin sərhədə yerləşin.
Bunu News24.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Moskva bir ara bu çağırışlara reaksiya vermirdi və Ermənistanda parlament seçkilərinin nəticəsini gözləyirdi:
“Seçki arxada qaldı və Nikol Paşinyan kürsüsünü qorudu. Kreml Ermənistanda Paşinyan reallığını qəbul etdi. Bundan sonra Rusiyanın Ermənistandakı səfiri və ayrı-ayrı rus generallar tez-tez sərhəd ərazilərdə görünməyə başladılar. Aydın oldu ki, Rusiya Ermənistanın Türkiyə və İranla yanaşı, Azərbaycanla sərhədində də yerləşməyə hazırlaşır. Amma Ermənistanın Türkiyə və İrandan fərqli olaraq Azərbaycanla sərhədin bəzi kəsimləri müəyyən olunmayıb. Ona görə rusiyalı sərhədçilərin sərhədin müəyən olunmayan kəsimində yerləşməsi Azərbaycanın haqlı narazılığına səbəb ola bilərdi. Buna görə də Moskva risk etmədi. Rusiya öz hərbçilərini hələ ki, sərhədin delimitasiya və demarkasiya olunmuş hissələrinə göndərmir. Rusiya sərhədçiləri Tovuz istiqamətində görünməyə başlayıblar.
Ermənistan normal dövlət olsaydı, delimitasiya və demarkasiya işləri yekunlaşandan sonra o biri tərəfdə hansı ölkənin sərhədçilərinin xidmət çəkəcəyi Azərbaycanı çox maraqlandırmamalı idi. Aamma yenə də Ermənistanın Türkiyə və İranla sərhədi ilə Azərbaycanla sərhədi arasında fərq var. Ermənistanın Türkiyə və İranla sərhəddində insident baş vermir. Kim zəmanət verə bilər ki, Ermənistan ordusu Azərbaycanla sərhədə təxribat törədib rusiyalı sərhədçilərin arxasında gizlənməyəcək? Misal üçün, rusiyalı hərbçilər Qarabağdadırlar. Aamma elə rusiyalı hərbçilərin nəzarət etdiyi ərazilərdən Şuşa atəşə tutuldu. Bu hallar sərhəddə də baş verə bilər”.
Elxan Şahinoğlu qeyd edib ki, yaranmış duruma görə rəsmi Bakının Moskvadan müxtəlif kanallarla hesabat istəməyə haqqı çatır:
“Kremlə ən azı iki sual ünvanlanmalıdır: Rusiya öz hərbçilərini hansı məqsədlə Ermənistan-Azərbaycan sərhəddində yerləşdirir? Rusiya hərbçiləri onların nəzarət etdiyi Ermənistan ərazisindən Azərbaycana qarşı hər hansı təxribatın baş verməyəcəyinə təminat verirmi? Məsələ budur ki, o tərəfdən bizə qarşı təxribat baş verərsə, biz cavab vermək məcburiyyətində qalacağıq. Bunun məsuliyyəti isə artıq Rusiyanın üzərində olacaq. Belə çıxacaq ki, İrəvan Rusiya ilə Azərbaycanı üz-üzə qoyur.
Rusiya sözdə bizə müxtəlif vədlər verə bilər. Amma reallıq fərqlidir. Rəsmi Bakının balanslaşdırılmış xarici siyasəti bir mərhələyə qədər davam etdirə bilər. Hazırda elə bir mərhələyə gəlmişik ki, strateji tərəfimizlə çalışmalarımızı genişləndirməliyik. Prezident İlham Əliyev özü hər dəfə vurğulayır ki, “Dünyada Türkiyə-Azərbaycan ittifaqının bənzəri yoxdur”, “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modelinə çevrilməlidir” və s. Demək təhlükəsizlik siyasətini bu tezislər əsasında formalaşdırmalıyıq. Rusiya Ermənistandakı hərbi bazasını genişləndirirsə, Azərbaycanla sərhəddə hərbçilərini yerləşdirirsə, biz niyə eyni işi Türkiyə ilə görməməliyik?
Azərbaycan cəmiyyəti və siyasi palitrası rusiyalı hərbçilərin vaxtları bitəndən sonra Qarabağdan çıxmasını istəyir. Hakimiyyətin də istəyir budur, əks halda Xarici İşlər Nazirliyinin açıqlamalarında “Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlılar” ifadəsi yer almazdı. Ancaq Moskva, İrəvan və Qarabağdakı erməni separatçıları rusiyalı hərbçilərin bölgədə daimi qalmasını üçün əllərindən gələni edəcəklər, müxtəlif təxribatlar da istisna deyil. Odur ki, rusiyalı hərbçilərin torpaqlarımızdan çıxması üçün bizə Türkiyənin diplomatik və hərbi dəstəyi lazım gələcək. Bu prosesə isə indidən başlamaq lazımdır. İlk addım rusiyalı hərbçilərin sərhəddimizdə yerləşdirilməsinə düşünülmüş və gələcəyə hesablanmış cavabımız olmalıdır.
Siyasət şöbəsi