-
- 13-08-2021, 15:15
- 517
Tibb Universitetinin Hərbi feldşer ixtisası üzrə əlavə sənəd qəbulu elan edilir
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi feldşer işi ixtisası üzrə əlavə sənəd qəbulu elan edilir.
Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, namizədlər 14,16,17 və 18 avqust tarixlərində Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisində yerləşən Hərbi Tibb Fakültəsindəki komissiyaya müraciət edə bilərlər.
Hazırkı sənəd qəbulunda cari ildə keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edib ən azı 120 bal toplayan, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olmaq istəyən namizədlər 14,16,17 və 18 avqust 2021-ci il tarixlərində Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində yaradılmış komissiyaya müraciət etməlidirlər. Ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 431-39-73).
Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olan şəxslər təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 245 AZN məbləğində müavinət alırlar.
Tədris 2 il müddətində, Azərbaycan dilində və əyani formada həyata keçirilir.