"Ermənistan bilməlidir ki, artıq Dağlıq Qarabağ məsələsi yoxdur" - Aydın Mirzəzadə
    • 13-08-2021, 17:04
    • 785

"Ermənistan bilməlidir ki, artıq Dağlıq Qarabağ məsələsi yoxdur" - Aydın Mirzəzadə

Avqustun 12-də Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında Qarabağ və regional problemlərinin həlli ilə bağlı “yüksək və ən yüksək səviyyədə” danışıq prosesinə hazır olduğunu, konkret təklifləri gözlədiyini bildirib. O, həmçinin nəqliyyat kommunikasiyalarının açılması məsələsini həll etməyin mümkün olduğunu da qeyd edib.

Millət vəkili Aydın Mirzəzadə News24.az-a açıqlamasında Paşinyanın son bəyanatını şərh edib:

“Ermənistan Baş nazirinin bəyanatları ilə əməllərinin bir-birinə ziddiyət təşkil etdiyini biz vaxtaşırı müşahidə edirik. Onun daha çox siyasi gedişlər etdiyinin şahidi oluruq. Paşinyanın son bəyanatının nə dərəcə ciddi olduğunu zaman göstərəcək”.

Millət vəkili bildirib ki, Azərbaycan Paşinyandan da önəmli təkliflər irəli sürüb: “Sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması ilə bağlı ciddi danışıqların aparılması və s. Göründüyü kimi Azərbaycanın təklifləri hər iki tərəfin maraqlarına cavab verir. Ermənistan bilməlidir ki, artıq Dağlıq Qarabağ məsələsi yoxdur. Biz postmünaqişə dövründəyik. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və təxribatlara son qoymalıdır. Azərbaycan isə öz suveren hüquqlarını qorumaqdan heç vaxt əl çəkməyəcək”.