-
- 16-08-2021, 10:10
- 449
AQTA dünyada yayılan pomidor virusu ilə mübarizə üsullarını açıqladı
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dünyada yayılan pomidor meyvələrinin qonur qırışıqlıq virusu ilə mübarizə üsullarını açıqlayıb.
AQTA-dan News24.az-a verilən məlumata görə, hazırda dünyanın müxtəlif ölkələrində pomidor meyvələrinin qonur qırışılıq virusu yayılmaqdadır. Pomidor meyvələrinin qonur qırışıqlıq virusunun əsas sahib bitkiləri badımcançiçəklilər fəsiləsinin növlərindən olan pomidor və bibərdir. Pomidor meyvələrinin qonur qırışıqlıq virusu toxum, torpaq, alaq otları vasitəsilə yayılır. Həmçinin virus əkin sahəsində istifadə edilən alətlər, işçilərin təması, paltarları və tozlandırıcı həşəratlar vasitəsilə də yayıla bilir. Pomidor meyvələrinin qonur qırışıqlıq virusu əkin və səpin materialı kimi idxal edilən pomidor və bibər toxumları ilə yeni areala daşına bilir. Bundan başqa, istehlak məqsədilə idxal olunan yoluxmuş pomidor və bibər meyvələri də virusun yayılmasına zəmin yaradır.
Pomidor meyvələrinin qonur qırışıqlıq virusuna yoluxmadan sonra onunla mübarizədə kimyəvi maddələrin təsirsiz olduğunu nəzərə alsaq, virusun iqtisadi zərərlərinin böyük olduğunu qeyd edə bilərik. Bundan başqa, hazırda ToBRFV-ə qarşı davamlılıq genləri daşıyan pomidor hibrid və sortları mövcud deyil. Ümumilikdə, pomidor meyvələrinin qonur qırışıqlıq virusunun məhsulun əmtəəlik keyfiyyətini aşağı salmasını, mövcud olduğu təsərrüfat sahəsində qısa müddətdə yayılmasını, bitkini zəiflədərək digər virus və göbələk mənşəli ikincili infeksiyaların yaranmasına təkan verdiyini nəzərə alsaq, virusun kifayət qədər böyük həcmdə məhsul itkisinə səbəb olduğunu proqnozlaşdırmaq mümkündür.
Pomidor meyvələrinin qonur qırışıqlıq virusunun ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə idxal edilən bütün pomidor və bibər toxumlarının virusdan azad olması şərti əsas tələblərdəndir. Xəstəliyin əlamətini göstərməyən virusla yoluxmuş toxumların olmasını nəzərə alaraq, bütün pomidor və bibər toxumları idxal zamanı ToBRFV görə laboratoriyada molekulyar səviyyədə yoxlanılır.
Virusun yayılmasının qarşısının alınması üçün aşağıdakı profilaktik tədbirlərin görülməsi zəruridir:
- yalnız virusoloji müayinədən keçmiş sağlam toxum və şitil materialları başlanğıc materialı kimi istifadə olunmalı və Agentlik tərəfindən həyata keçirilən monitorinqlər zamanı müayinəyə dair aktların müfəttişlərə təqdim olunması təmin edilməlidir;
- xəstəlik əlamətləri aşkarlanan bitki və bitkilər təcrid edilməli və yoluxmuş bitki və ya bitkilərin tapıldığı sıra və ya sıralar işarələnməlidir;
- sıra boyunca gəzərkən heç bir bitkiyə toxunmamağa diqqət edilməli, kombinezon, əlcək və çəkmə ilə uyğun şəkildə sıraya daxil olunmalıdır;
- simptomları göstərən bitkilərin hər iki tərəfindən təxminən 3-6 bitki (Avropada ən azı 20 bitki tövsiyə olunur) çıxarılmalı və diqqətlə xüsusi kisələrə yerləşdirilməlidir;
- istehsal sahələrindəki bitkilər mütəmadi olaraq yoxlanılmalı və simptomları göstərən bitkilərin üzərinə böyük plastik torbalar qoyularaq sağlam bitkilərə toxunmadan diqqətlə istixanadan çıxarılmalı, yandırılaraq məhv edilməlidir;
- tozlanmada istifadə edilən Bombus arılarının virusla sirayətlənmiş bitkilərlə təmasını nəzərə alaraq, yoluxma aşkarlanan istehsal sahəsində ocaqlar məhv edildikdən sonra arı koloniyaları dəyişdirilməlidir;
- istehsalat sahəsində çalışan işçilər təmiz paltar və əlcəklərdən istifadə etməlidirlər;
- hər bir istixana üçün ayrıca iş geyimlərindən istifadə edilməlidir;
- hər gün təmiz paltar geyinilməli, əllər sabunlu su ilə yuyulmalı, bütün istixana girişlərində dezinfeksiya məhlullarına hopdurulmuş ayaqaltılar qoyulmalıdır;
- virusun yayılmasını minimuma endirmək üçün birdəfəlik geyim və ayaqqabı örtüklərindən istifadə edilməlidir;
- avadanlıq və alətlər təmizlənməli və dezinfeksiya edilməlidir;
- çiləyicilər və əl alətləri (məsələn, budama bıçaqları) kimi bütün avadanlıqlar mütəmadi olaraq təmizlənməli və dezinfeksiya edilməlidir;
- budama zamanı istifadə olunan alətlər hər sırada ayrı-ayrılıqda dezinfeksiya edilməlidir;
- məhsulun qablaşdırılmasına xüsusi nəzarət edilməli, xəstəliyin əlamətləri olan məhsullar çeşidlənərək kənarlaşdırılmalıdır;
- işçilər istehsal sahəsindən qablaşdırma sahəsinə və ya əksinə keçməməli, istehsal sahəsində çalışan işçilər xəstəliyin əlamətləri və profilaktik tədbirlər barədə maarifləndirilməlidirlər.