“Rusiya müraciət etdi ki, əlavə vaxt verin, şələ-şülələrini yığışdıra bilmirlər”
    • 17-08-2021, 13:37
    • 473

“Rusiya müraciət etdi ki, əlavə vaxt verin, şələ-şülələrini yığışdıra bilmirlər”

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.

News24.az dövlət başçısının Kəlbəcər şəhərindəki çıxışının tam mətnini təqdim edir:

“Hərbi əməliyyat nəticəsində torpaqlarımız işğaldan azad edilib. İkinci Qarabağ müharibəsi bizim şanlı Zəfərimiz kimi tarixdə əbədi qalacaq. Qələbə nəticəsində Kəlbəcər rayonu da Laçın və Ağdam rayonları ilə bərabər işğalçılardan azad edilib. Ermənistan noyabrın 10-da kapitulyasiya aktını imzalayaraq bu öhdəliyi də öz üzərinə götürüb və Kəlbəcər, Laçın və Ağdam rayonlarını Azərbaycana qaytarmağa məcbur olub.

İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilib. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər gedirdi, şəhidlər vermişdik. Ancaq strateji yüksəklikləri götürdük və bu yüksəkliklər bizə imkan verirdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna da nəzarət edək. Beləliklə, biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bu, hərbi əməliyyatın, əks-hücum əməliyyatının tərkib hissəsi idi. Biz əks-hücum əməliyyatını bir neçə istiqamətdə aparırdıq və hər istiqamət önəmli idi. Çünki biz artıq bəzi istiqamətlər üzrə müdafiə xəttini yararaq işğalda olan torpaqları azad edirdik, bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq. Bəzi istiqamətlər üzrə, sadəcə olaraq, hərbi manevrlər apararaq erməni silahlı birləşmələrinin başqa yerə göndərilməsinin qabağını alırdıq. Beləliklə, Kəlbəcərin bir hissəsi, kiçik olan hissə döyüş meydanında azad edildi. Ancaq əksər hissəsi, böyük hissə Ermənistan kapitulyasiya aktına imza atandan sonra azad edildi.

Kəlbəcərin azad edilməsi tarixi hadisədir. Kəlbəcərin işğal altına düşməsi isə xalqımızın böyük faciəsi idi. Çünki Laçın və Şuşa rayonları 1992-ci ilin may ayında işğal altına düşəndən sonra ermənilərin növbəti hədəfi Kəlbəcər idi. Şuşa və Laçının işğalı ilə bağlı artıq Azərbaycanda çox dəqiq təsəvvür var. Hər kəs bilir ki, Şuşa və Laçının işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş verib. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi, AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı və onların nəzarəti altında olan bəzi qüvvələr, bəzi satqınlar Şuşanı demək olar ki, ermənilərə təhvil verdilər və Şuşa demək olar ki, müdafiə olunmadı. Şuşada olan bəzi silahlı dəstələr Şuşadan çıxdı və faktiki olaraq Şuşa ermənilərə təslim edildi. Məhz bunun nəticəsində Azərbaycanda hakimiyyət böhranı yaşandı və AXC-Müsavat cütlüyü bundan istifadə edib qanunsuz yollarla hakimiyyəti uzaqlaşdırıb, hərbi çevriliş törədib hakimiyyətə gəldi. Şuşa və Laçının işğal altına düşməsi sırf AXC-Müsavat cütlüyünün xəyanətidir, satqınlığıdır.

Kəlbəcər rayonu işğal altına düşəndə artıq AXC-Müsavat cütlüyü öz çirkin məqsədlərinə çatmışdı, hakimiyyətdə idi. Təxminən bir ilə yaxın hakimiyyətdə idi. Kəlbəcər 1993-cü il aprel ayının əvvəlində işğal altına düşmüşdü və bunun da günahkarı AXC-Müsavat cütlüyüdür, AXC-Müsavat hakimiyyətidir. Onların xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi. Çünki 1992-ci ilin bahar-yay aylarından onlar demək olar ki, hakimiyyətdə idilər və bir il ərzində ancaq talançılıqla, rüşvətxorluqla, soyğunçuluqla, qanunsuzluqla və digər çirkin əməllərlə məşğul idilər. İndi bir çoxları bunu unudur. Gənc nəsil isə bundan xəbərsizdir. O dövr bizim milli faciəmiz, milli rəzalət dövrü idi. AXC-Müsavat hakimiyyəti dünya miqyasında bəlkə də ən biabırçı hakimiyyətlərdən biri idi, bəlkə də birincisi idi. Ölkə əldən gedirdi, ölkədə vətəndaş qarşıdurması pik həddə çatmışdı, torpaqlar işğal altına düşürdü, ancaq onlar yalnız öz mənafeyini, öz maraqlarını düşünürdülər.

Hakimiyyətə gəlmiş antimilli ünsürlər Azərbaycanı demək olar ki, bütün beynəlxalq tərəfdaşlardan, xarici tərəfdaşlardan təcrid etdilər və həm xarici, həm daxili siyasətdə kobud səhvlər buraxdılar və cinayətlər törətdilər. Kəlbəcərin işğala məruz qalması satqın AXC-Müsavat hakimiyyətinin əməlləridir. Kəlbəcər işğal altına düşəndən sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında birbaşa coğrafi bağlantı yarandı və artıq digər torpaqların işğalı da labüd idi. Çünki AXC-Müsavat hakimiyyəti ordu quruculuğuna fikir vermirdi, orduda heç bir islahat aparılmırdı. Əksinə, ordumuzu zəiflətmək üçün hər vasitədən istifadə edirdi. Torpaqlar işğal altına düşürdü, onlar isə öz laxlamış hakimiyyətini qorumaq üçün Gəncəni bombalayırdılar. Onlar Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Bu videokadrlar var. Burada ermənilər soyqırımı törədirdilər, şəhərlərimizi viran qoyurdular. Baxın, Kəlbəcər nə gündədir, digər şəhərlər nə gündədir. Onlar isə Azərbaycan əsgərlərini əsir götürüb, öz hakimiyyətini möhkəmləndirmək istəyirdilər. Görəndə ki, artıq bu da mümkün deyil, qaçdılar gizləndilər, dövlət səviyyəsində fərarilik etdilər. AXC-Müsavat hakimiyyəti, onun başında duranlar fəraridirlər, satqındırlar, qorxaqdırlar, xaindirlər və bu, əsl həqiqətdir.

Əlbəttə, biz torpaqlarımızı azad etmək üçün addımlarımızı elə atırdıq ki, bütün torpaqlar azad edilsin. Artıq bu da sirr deyil ki, danışıqlar dövründə masa üzərində olan təkliflər bizim maraqlarımızı qane etmirdi. Mən bunu açıq bəyan etmişdim və məhz buna görə təklif edilən varianta razılıq vermirdim. Çünki son 10 il ərzində nədən söhbət gedirdi - beş rayon Azərbaycana qaytarıla bilər, Kəlbəcər və Laçın rayonları isə keçmiş Dağlıq Qarabağda referendum keçiriləndən sonra Azərbaycana qaytarıla bilər. Əlbəttə, biz buna heç cür razı ola bilməzdik. Çünki heç bir referendumdan söhbət gedə bilməzdi.

Mənim siyasətim ondan ibarət idi və mən bunu açıq şəkildə bəyan edirdim ki, bizim bütün torpaqlarımız işğalçılardan azad edilməlidir, ərazi bütövlüyü tam bərpa edilməlidir, bizə məsələnin yarımçıq həlli lazım deyil. Məhz buna görə edilən təkliflərə Azərbaycan tərəfi razılıq vermirdi. Ancaq sonra bilindi ki, Ermənistan da buna razı deyil. Çünki Ermənistanın məqsədi bu torpaqları, zəbt edilmiş bütün torpaqları əbədi işğal altında saxlamaq idi. İndi çıxan yeni məlumatlar və eyni zamanda, azad edilmiş torpaqlarda mövcud olan mənzərə onu göstərir. Torpaqları təhvil vermək istəyən 6 xətt müdafiə istehkamları qurmazdı. İndi bilinir ki, onların məqsədi status-kvonu əbədi etmək, bizə bir qarış torpaq qaytarmamaq, məsələni uzatmaq idi. Onlar öz xarici havadarlarına güvənərək bunu 30 il ərzində həyata keçirirdilər və istəyirdilər ki, bundan sonra da 300 il ərzində bunu həyata keçirsinlər. Hesab edirdilər ki, bu siyasət onlara xeyir gətirəcək.

Hesab edirdilər ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməyəcək. Hesab edirdilər ki, bizi kimsə dayandıracaq. Onların himayədarları bizə, necə deyərlər, təsir göstərəcəklər, təzyiq göstərəcəklər. Ancaq bilmirdilər bütün Azərbaycan xalqı bir amalla yaşayır ki, işğala son qoyulsun, düşmən torpaqlarımızdan qovulsun və biz öz dədə-baba torpaqlarımıza qayıdaq və qayıtdıq. Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!

İkinci Qarabağ müharibəsi, bir daha demək istəyirəm, tarixi Zəfərimizdir. Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbə olmamışdır. Müharibə ilə bağlı artıq kifayət qədər məlumatlar var və təkrar etmək istəmirəm. Müharibənin gedişatı hər kəsə məlumdur. Sadəcə olaraq, indi bizim dərsliklərimizdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir ki, biz bu tarixi olduğu kimi qeyd edək, bu tarixi olduğu kimi yazaq və gələcək nəsillər də daim bunu bilsinlər və unutmasınlar, o cümlədən erməni vəhşiliyini unutmasınlar.

Ancaq bu gün İkinci Qarabağ müharibəsi ilə bağlı bu sözləri deyərkən bir məsələyə diqqət yetirmək istəyirəm. Bu müharibə, eyni zamanda, erməni mifologiyasının tamamilə məhv olması deməkdir. Çünki uzun illər ərzində, otuz il ərzində ermənilər dırnaqarası “hərbi qələbə” ilə öyünürdülər. Ermənilər bir neçə mif uydurmuşdular ki, onların ordusu “yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Biz bu mifi dağıtdıq. Erməni ordusu yoxdur bu gün. Erməni ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü və indi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Biz erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyduq.

İkinci mif ondan ibarət idi ki, erməni əsgəri “cəsur”dur və istənilən müharibədə qalib gələ bilər. Biz bu mifi də darmadağın etdik. Erməni əsgəri fəraridir, qorxaqdır. Onlar özləri etiraf etdilər və bu da sübut olundu ki, müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Yəni, bu mif də darmadağın edildi. Erməni əsgəri fəraridir.

Növbəti mif isə o idi ki, azərbaycanlılar öz torpaqları uğrunda vuruşmayacaqlar, onlar bu vəziyyətlə barışıblar və əgər otuz ilə yaxın müddət ərzində müharibə başlamayıbsa, bundan sonra da başlamayacaq. Bu mifi də biz dağıtdıq. Biz göstərdik ki, bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildik. Mən bunu dəfələrlə deyirdim. Bütün çıxışlarımda deyirdim ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Bu mifologiya da darmadağın edildi.

Növbəti mif onların dırnaqarası “sərkərdələri” ilə bağlı idi. Guya Ermənistanda elə görkəmli generallar, sərkərdələr var ki, onlar istənilən hərbi vəzifəni yerinə yetirə bilərlər. Biz gördük ki, onların generalları oğrudurlar, “tuşenka” satandırlar. Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər. Xocalı cəlladları Köçaryan, Sarkisyan, Ohanyan müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını qəhrəmancasına azad edir, qaçdılar gizləndilər. Soruşmaq lazımdır onlardan, oradan nəyə görə çıxdılar? Onlar Xankəndidə idilər, üçü də. Niyə qaçmısınız? Niyə gizlənmisiniz? Mən demişəm, bir daha deyirəm, o dəmir-dümürləri çıxarın, onları atın zibil yeşiyinə. Siz fərarisiniz, qorxaqsınız. Biz sizi məhv etmişik. Xocalı soyqırımında ən fəal rollardan birini oynayan keçmiş müdafiə naziri Şuşadan güclə canını qurtardı, son anda canını qurtardı. Dovşan kimi qaçmışdılar. Biz onları məhv etmişik. Onların dırnaqarası “qəhrəmanlarını”, “Artsax”, olmayan “Artsax” qəhrəmanlarını məhv etmişik.

Onlar bu damğa ilə əbədi yaşayacaqlar. Fərarilər, satqınlar, cəlladlar, qorxaqlar - onlar ancaq əliyalın əhali ilə müharibə apara bilərlər. Necə ki, vaxtilə Xocalını işğal edəndə burada demək olar ki, onlara müqavimət göstərən qüvvə yox idi, mülki vətəndaşlar idi. Bax, bu evlərdə yaşamış mülki vətəndaşlar idi və aprel ayında hələ burada qarlar əriməmişdi, onların böyük hissəsi burada həlak oldu. Onlar buradan Gəncə istiqamətinə, o Murov dağının üstündən, Ömər aşırımından keçərkən onlara pusqular qurdular. Onları – uşaqları, qadınları, qocaları qətlə yetirdilər. Onlar məcbur olub ayaqyalın, qarlı-şaxtalı havada Ömər aşırımından keçərək, on kilometrlərlə yolu qət edərək buradan çıxmalı idilər. Bir çoxları da yolda qaldı, dondu, öldü. Bu, erməni vəhşiliyidir. Biz vəhşiləri məğlub etdik. Biz bölgəni vəhşilərdən, faşistlərdən xilas etdik. Bunu heç kim heç vaxt unutmamalıdır.

Erməni mifologiyasının biri də o idi ki, guya ermənilər qədim tarixə, mədəniyyətə malikdirlər və burada “vəhşi müsəlmanlar” arasında qalıblar. Guya ki, o, Qafqazda mədəniyyətin ocağıdır, beşiyidir, yaxud da son məntəqəsidir. Onların mədəniyyəti, bax, budur. Bax, bu binalardır, qazılmış qəbirlərdir, dağıdılmış məscidlərdir. Bunu hansısa başqa planetdən gələn yadplanetli yox, erməni edib. Özü də Birinci Qarabağ müharibəsi dövründə yox, müharibədən sonra, məqsədyönlü şəkildə, barbar kimi, vəhşi kimi, vandal kimi, bir-bir evlərin kərpiclərini, daşlarını söküb aparıb özləri üçün daxmalar tikiblər.

Onlar artıq buradan gedəsi olanda, kapitulyasiya aktını imzalayandan sonra da bizdən vaxt istədilər. Rusiya rəhbərliyi bizə müraciət etmişdir ki, onlara əlavə on gün vaxt verin, onlar buradan öz şələ-şülələrini yığışdıra bilmirlər. Onlara vaxt verin ki, çıxsınlar. Biz yenə də humanistlik göstərdik. Yenə də vaxt verdik noyabrın 25-nə qədər. Amma onlar bu müddət ərzində nə etdilər?! Onlara məxsus olmayan, qanunsuz məskunlaşdıqları evləri yandırdılar, dağıtdılar. İndi yol boyunca o evlər görünür. Ağacları kəsdilər, ağacları yandırdılar. Bax, erməni vəhşiliyi budur. Zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır. İndi onların bəzi hallarda göndərdikləri yaltaqlıqla dolu sözlərinə inanmaq olmaz. Buna inanmaq istəyən, bax, bu mənzərəni göz önünə gətirsin, dağıdılmış Ağdamı, Füzulini, Şuşanı, Kəlbəcəri, Laçını, Zəngilanı, Qubadlını, Cəbrayılı göz önünə gətirsin. Erməni vəhşilərin əməlləri göz qabağındadır. Amma onların hamiləri bunu görmək istəmirlər. Amma görməlidirlər və görəcəklər. Onların gözünə soxacağıq. Biz indi kitablar da dərc edirik, göstəriş vermişəm, təqdimatlar da olacaq. Xarici ölkələrdə sərgilər olacaq. Biz göstərəcəyik. Bunu görmək istəməyən məcbur olub görəcək. Görəcək ki, erməni faşizmi, erməni vəhşiliyi nədir.

Ermənilər işğal dövründə, eyni zamanda, bizim təbii sərvətlərimizi də qanunsuz olaraq talan edirdilər. Bu işlərdə bəzi xarici şirkətlər onlara yardım edirdi. Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər.

Artıq məhkəmə prosedurları başlamışdır. Buna biz start verdik, tanınmış beynəlxalq hüquq şirkətlərini dəvət etdik və indi məhkəmə işləri hazırlanır. Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə bizim qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilirdi. O şirkətlər bilmirdilər ki, bu, Azərbaycan torpağıdır? Bilirdilər! Amma buna məhəl qoymurdular. İndi cavab verəcəklər.

Biz demişik, əgər istəmirlərsə ki, biz onları dünya miqyasında biabır edək, gəlsinlər, vurulmuş ziyanı bizə ödəsinlər, təzminat ödəsinlər və ondan sonra rahat yaşaya bilərlər.

Bizim meşələrimiz ermənilər tərəfindən məhv edilib. İndi bizim “Azərkosmos”un fotoları var - işğaldan əvvəl neçə min hektar meşə altında idi və indi nə qədərdir. Ağacla dolu olan altmış min hektara yaxın sahəni, meşə fondunu ermənilər dağıdıblar, yəni, kəsiblər. Kəsiblər, talayıblar, aparıblar. Eşitdiyimə görə orada parket işləri, bu biznes çox sürətlə gedirdi. Bu da talançılıqdır. Bu talançılığa görə də cavab verəcəklər. Bizim çaylarımızı zəhərləyiblər. Oxçuçay nə gündədir? Oxçuçay təbii fəlakətdir və onu zəhərləyən yenə də xarici şirkətdir. O şirkət də cavab verməlidir və verəcəkdir. Dəymiş hər bir ziyan hesablanır. Azad edilmiş bütün torpaqlarda, şəhərlərlə, kəndlərdə indi monitorinq aparılır, pasportlaşdırma aparılır, bütün evlərin pasportları hazırlanır, dəymiş ziyan təsbit edilir və biz beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edəcəyik.

Təbii sərvətlər talan edilib, istismar edilib, çaylarımız zəhərlənib, meşələrimiz qırılıb, evlərimiz dağıdılıb, məscidlərimiz sökülüb. Bunu kim edib? Ermənilər! Cavab verməlidirlər və verəcəklər.

Biz isə indi genişmiqyaslı bərpa işlərinə start verdik. O cümlədən Kəlbəcər və Laçın rayonlarında, Şərqi Zəngəzur regionunda. Artıq bu işlərin bir hissəsi bu gün qeyd olundu – yarımstansiya fəaliyyətə başladı, su elektrik stansiyasının tikintisi ilə tanış oldum, Laçın rayonunda beynəlxalq hava limanının təməli qoyuldu, iki tunelin təməli qoyuldu və digər infrastruktur layihələri artıq icra edilməkdədir. Eyni zamanda, biz pilot layihələr kimi Kəlbəcər və Laçın rayonlarının arıçılıqla və heyvandarlıqla məşğul olan sakinlərini buraya göndərdik, ezam etdik, şərait yaratdıq ki, onlar işə başlasınlar və artıq bu işlərə də start verildi.

Biz, eyni zamanda, Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədimizi möhkəmləndiririk. Bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi və biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur. Nə oldu bəs? Biz gələndən sonra, durandan sonra dedilər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın. Ona görə indi Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca - Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, biz bu sərhədlərdə möhkəmlənirik.

Daxili əhəmiyyət daşıyan 700 kilometr uzunluğunda yolların çəkilişi prosesi gedir. Mən hələ əsas şəhərlərarası yolları kənara qoyuram, o layihələr haqqında kifayət qədər məlumat verildi. Bizim sərhədlərə gedən 700 kilometr yolların çəkilişi prosesi gedir və artıq qış gələnə qədər bu işin təqribən 80 faizi görüləcək. Yəni, torpaq, çınqıl örtüklə döşənmiş yollar və bu, bizə imkan verəcək ki, həm hərəkət üçün, həm hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənək. Əlbəttə ki, Azərbaycan-Ermənistan sərhədində biz söz sahibiyik. Bu, təbiidir və bundan sonra da söz sahibi olacağıq. Ona görə, bu məsələ ilə bağlı bəzən hansısa xarici dairələrdə də qeyri-adekvat fikirlər səsləndirilir. Buna ehtiyac yoxdur. Biz harada lazım bilmişiksə, orada da durmuşuq və əgər bu kimisə narahat edirsə, əgər kimsə əsəbləşirsə, necə deyərlər, getsinlər, su içsinlər.

Bildiyiniz kimi, mənim Sərəncamımla 14 iqtisadi rayon yaradıldı. Onların arasında iki iqtisadi rayonun yaradılması diqqət çəkdi – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Çünki, həm Qarabağ, həm Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi. Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq.

İndiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirməkdir, azad edilmiş torpaqlarda möhkəmlənməkdir. Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. Mən artıq bildirmişəm, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçildi. Artıq işlər gedir ki, o kəndlərin bərpasına start verək və vətəndaşları oraya qaytaraq. Ağdam şəhərinin baş planı təsdiqləndi, digər şəhərlərin baş planının təsdiqlənməsi yaxın aylarda nəzərdə tutulur.

Beləliklə, biz bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa da nail olacağıq. Biz bu gün buradayıq, Kəlbəcərdəyik, Azərbaycanın çox gözəl guşələrindən biri olan Kəlbəcərdəyik və biz bundan sonra burada əbədi yaşayacağıq.

Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”