-
- 18-05-2024, 09:26
- 277
"Qərb Rusiyanın uduzacağından qorxur"
Ukrayna prezidenti Vladimir Zelenski Fransada yerləşən AFP xəbər agentliyinə müsahibəsində Rusiya ilə davam edən müharibə ilə bağlı qiymətləndirmələr edib.
News24.az xəbər verir ki, Moskvanın Xarkov hücumuna başladıqdan sonra beynəlxalq mətbuata ilk müsahibəsini verən Zelenski Rusiyanın hücumları gücləndirə biləcəyi barədə xəbərdarlıq edib. Qərbin tez həll çağırışlarına baxmayaraq, Kiyevin yalnız “ədalətli sülhü” qəbul edəcəyini bildirib.
Zelenski, həmçinin müttəfiqlərinə daha çox hava hücumundan müdafiə sistemi və qırıcı təyyarələr göndərmək çağırışlarını təkrarlayıb. Bildirib ki, Rusiya üçün ən böyük üstünlüyü Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün Qərbin hədiyyə etdiyi silahlardan istifadəsinə qadağa qoyulmasıdır.
O etiraf edib ki, səfərbərlik qanununun bu gün qüvvəyə minməsi ilə müharibənin üçüncü ilində tez-tez silahsız, təchizatsız qalan Ukrayna sıralarında kadr və “mənəvi” problemlər yaranıb.
“Rusiyanın irəliləməsini dayandıracağıq”
Rusiya qoşunları son aylarda tədricən irəliləyiş əldə etsə də, mayın 10-da Xarkov vilayətində başlayan hücumla şimal-şərq sərhədində daha böyük uğurlar qazanıb.
Bununla belə, Zelenski Ukraynanın müdafiə xəttini qoruyacağını və Rusiyanın genişmiqyaslı irəliləyişini dayandıracağını bəyan edərək, “Heç kim təslim olmayacaq” deyib.
Ukrayna lideri Fransa prezidenti Emmanuel Makronun Paris Oyunları zamanı Olimpiya atəşkəsi ilə bağlı çağırışını da rədd edərək, bunun Moskvaya üstünlük qazandıracağını və qoşunların, artilleriya hissələrinin yerdəyişməsi üçün vaxt qazanacağını iddia edib.
"Ukrayna və onun Qərb müttəfiqləri eyni dəyərlərə sahibdirlər, lakin münaqişənin necə nəticələnəcəyi ilə bağlı çox vaxt fərqli perspektivlərə malikdirlər. Biz absurd bir nöqtədəyik ki, Qərb Rusiyanın müharibəni uduzacağından qorxur. Onlar Ukraynanın da uduzmağını istəmirlər” deyib.
Günel Məlikzadə