“Zakir Qaralovun qardaşı qızı məndən rüşvət istədi” – Pasiyent şər atır, yoxsa?...
    • 18-08-2021, 16:28
    • 912

“Zakir Qaralovun qardaşı qızı məndən rüşvət istədi” – Pasiyent şər atır, yoxsa?...

Abşeron rayon Mərkəzi Xəstəxanası və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi barədə saytımıza şikayət daxil olub.

II qrup əlil Rəşad Əhmədzadənin News24.az-a müraciətini olduğu kimi təqdim edirik: “Mən hərbçiyəm. Avtoqəza nəticəsində iki əməliyyat keçirmişəm: Damar-sinir cərrahi əməliyyatı. Sol əlim iflic vəziyyətindədir və mütləq şəkildə müalicə lazımdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillik təyinatı almışam. Səhhətimdəki məlum hadisədən sonra məni Dövlət Sərhəd Xidmətindən uzaqlaşdırdılar ki, belə xidmət etmək mümkün olmaz".

Rəşad Əhmədzadə ona qanunla pulsuz müalicə düşdüyünü vurğulayıb: “Respublika Diaqnostika Mərkəzinin (RDM) Fizioterapiya və reabilitasiya şöbəsindən həkim Pərvin Əkbərov mənə dedi ki, istənilən mərkəzi xəstəxana pulsuz göndəriş verə bilər. Respublika Diaqnostika Mərkəzinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi var. Müalicə tamamilə ödənişsiz olmalıdır. Ancaq Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova göndəriş üçün məndən açıq-aşkar 500-600 AZN dəyərində rüşvət tələb etdi. Bir neçə aydır bu göndərişi ala bilmirəm. Daha sonra şikayət üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə getdim. Orada agentliyin Sevinc Quliyeva adlı əməkdaşı işimə laqeyd yanaşaraq, məsələyə qarışmadığını və məbləği ödəməli olduğumu dedi. Mehriban Qaralova sabiq Baş prokuror Zakir Qaralovun qardaşı qızı olduğu üçün ondan çəkinirlər. Hətta bunu da əlavə edim ki, Abşeron rayon Mərkəzi Xəstəxanasının tibb personalı da baş həkim Mehriban Qaralovadan narazıdır.

Mehriban xanım haqqımda danışarkən özümü Qarabağ qazisi kimi təqdim etdiyimi deyir. Amma bu, yalandır. Mən Qarabağ döyüşlərində olmamışam. Onlara isə özümü qazi kimi təqdim etməmişəm. Müşahidə kameralarını açıb yoxlaya və səs yazımı dinləyə bilərlər”.

Pasiyent Rəşad Əhmədzadə məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə və Baş Prokurorluğa müraciət etdiyini deyib.

Məsələ ilə bağlı Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralovanın mövqeyini öyrənmək üçün onunla əlaqə saxladıq. Mehriban Qaralova sanki məsələdən agahmış kimi bizim mövzunu izah etməyimizə ehtiyac olmadan özü izah etməyə başladı: “Rəşad Əhmədzadə avtoqəza nəticəsində travma alıb. Travma nəticəsində onun sol əli işləmir, barmaqları açılmır. Biz ona baxış keçirib, stasionar müalicə etmişik. Həmişə gəlib özünü Qarabağ əlili kimi təqdim edirdi. Əslində isə məlum hadisə avtoqəza nəticəsində baş verib. Mən bilirəm o sizə nələr deyib. Onun hər dediyini həqiqət kimi qəbul etmək lazım deyil. Biz ona fizioterapiya müalicəsi təyin etsək də o, bizim xəstəxanada hər hansı bir müalicə almaqdan imtina etdi. İmtina etdikdən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdi. Orada isə daha geniş imkanları olan Elmi Tədqiqat Tibbi Bərpa institutuna göndəriş verildi. Həmin şəxs Bərpa institutuna getmədən, onları şərləməyə başladı. Bərpa institutunun ondan rüşvət tələb etdiyini deyərək, başqa yerlərdə müalicə istədiyini qeyd elədi. Biz ona izah etdik ki, Bərpa institutu xəstələri çox yaxşı formada müalicə edir və əgər orada müalicəsi effektli olmasa, sonrasına baxarıq. Bundan sonra həmin şəxs dəfələrlə mənə dedi ki, “sizi şərləyəcəm”. Bununla yanaşı təhqirlər və kobud davranışa yol verdi. Psixoloji durumunun gərgin olduğunu nəzərə alıb bunlara göz yumduq”.

Baş həkim pasiyentin rüşvət iddiası haqqında bunları deyib: “Bu məsələlərlə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi var. Şikayət etmək hüququ var”.

Daha sonra şikayətçinin dediyi digər məsələlərə münasibət öyrənmək üçün Mehriban Qafarovaya əlavə suallar ünvanlamağa çalışsaq da həkim gərgin iş rejimində olduğunu deyib, mövzunu yekunlaşdırdı. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamenti məsələyə belə münasibət bildirib: “Vətəndaş Rəşad Əhmədzadə cari ilin 31 may və 6 iyul tarixlərində Respublika Diaqnostika Mərkəzinə göndəriş əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) şifahi olaraq müraciət edib.

Agentliyin əməkdaşı Sevinc Quliyeva vətəndaşa tibb müəssisəsinə göndəriş verilməsi qaydasını izah edərək bildirib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə tibb müəssisəsi tərəfindən vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. 

Qeyd edək ki, Agentliyin əməkdaşı tərəfindən vətəndaşa göndəriş verilməsi müqabilində heç bir ödəniş tələb olunmayıb.

Nəzərinizə çatdırırıq ki, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərlə bağlı Agentliyə daxil olan vətəndaş müraciətlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılır”.

Agentlikdən bildirilib ki, vətəndaş göstərilmiş tibbi xidmətlərin keyfiyyətindən narazıdırsa və ya tibb personalı tərəfindən ona qarşı hüquq pozuntusuna yol verilibsə bununla əlaqədar ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət etməlidir: “Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa TƏBİB-in 012 310 17 70 nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına və ya rəsmi ünvanına (İsmayıl Hidayətzadə küç. 11, Bakı, AZ1154) müraciət edə bilər”.

Qeyd edək ki, qanunvericiliyə əsasən vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır. Təsdiqini tapmış fakta dair hüquq-mühafizə orqanlarına müraciət edilir. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur”.