Narkotik təbliği və satışı ilə məşğul olan keçmiş məhkum saxlanıldı - FOTO/VİDEO
    • 21-08-2021, 13:06
    • 816

Narkotik təbliği və satışı ilə məşğul olan keçmiş məhkum saxlanıldı - FOTO/VİDEO

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində Qobu və Hökməli qəsəbələrində gənclər arasında narkotik vasitələrin təbliği və satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat zamanı əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş Abşeron rayon sakini Ağamədi Niyazov yaşadığı Hökməli qəsəbəsində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 12 qrama yaxın narkotik vasitə heroin, 5 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub. Saxlanılan şəxs ifadəsində Hökməli və Qobu qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Qeyd edək ki, təyin edilmiş ekspertiza zamanı Ağamədi Niyazovdan aşkar edilən elektron tərəzinin üzərindən heroin izlərinin aşkar edilməsi və psixotrop maddələrin hazır bükümlər şəklində bölünərək qablaşdırılması onun bir daha narkotik vasitələrin satışı ilə məşğul olduğunu deməyə əsas verir.