Məktəbli formalarının qiymətləri AÇIQLANDI
    • 23-08-2021, 12:34
    • 1 071

Məktəbli formalarının qiymətləri AÇIQLANDI

“Ehtiyac olduğu təqdirdə məktəbli formalarının tikilişi davam edir. Biz formaları planla tikmirik. Formalara tələbat tədris ilinin hansı formada bərpa edilməsindən asılıdır. Operativ Qərargahın brifinqinə istinad etsək, yoluxma sayında artım olmayacağı təqdirdə dərslər əyani formada başlayacaq. Biz “Bravo” supermarketlər şəbəkəsinin 20 Yanvar, Koroğlu və Həzi Aslanova yaxın yerləşən 3 böyük marketinə 1200 dəst vermişik”. 

Bunu News24.az-a açıqlamasında Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov deyib.

Şöbə müdiri bildirib ki, məktəbli formalarının qiymətində dəyişiklik yoxdur: “2017-ci ildən etibarən qiymətlərdə hansısa dəyişiklik edilməyib. I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir. Bakı Tikiş Evində məktəbli köynəkləri də tikilir. 26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. 42 ölçüyə qədər olan şalvarlar 15 manat. Həmçinin dama-dama ətəklər 15 manat, ancaq yuxarı siniflər üçün sarafan ətək modelləri isə 18 manatdır. Məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata satılır”. 

E.Əzimov formaların keyfiyyəti ilə bağlı bunları deyib: “Formalar üçün bizdə uyğunluq sertifikatı var. Geyimlərin keyfiyyətinə ən azı bir il zəmanət veririk. Yəni bu müddət ərzində formalar sökülməyəcək və rəngi dəyişməyəcək. Amma bəzi şagirdlər iki və ya üç il də geyinə bilir. Keyfiyyət yüksək səviyyədədir. Köynəklərin tikilməsi üçün istifadə edilən pambıq parçalar Türkiyədən gətirilir”.