“Növbəni özləri tənzimləsinlər” – Səhiyyə Nazirliyi peyvənd izdihamı ilə bağlı VƏTƏNDAŞLARI GÜNAHLANDIRDI
    • 23-08-2021, 15:20
    • 649

“Növbəni özləri tənzimləsinlər” – Səhiyyə Nazirliyi peyvənd izdihamı ilə bağlı VƏTƏNDAŞLARI GÜNAHLANDIRDI

Paytaxt poliklinikalarındakı vaksinasiya ilə bağlı saytımıza şikayətlər daxil olub. Vətəndaşlar bildirir ki, onlayn növbə götürmək artıq əhəmiyyət kəsb etmir. Randevu.its.gov.az saytında onlayn növbə götürən vətəndaşlar tibb müəssisəsinə yaxınlaşanda onlarla eyni saatda başqa şəxslərin növbə götürdüyünə şahid olurlar. Beləliklə, xəstəxanaların bir çoxunda izdiham müşahidə edilir. Növbə sisteminin effektli olmaması və ya düzgün çalışmaması vətəndaşların saatlarla gözləməsinə səbəb olur.

News24.az olaraq məsələni aydınlaşdırmaq üçün əvvəlcə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) ilə əlaqə saxladıq. TƏBİB-in mətbuat xidməti onlayn növbə sisteminə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baxdığını bildirdi. Agentlik isə sorğumuza cavabında xəstəxanalardakı izdihama Səhiyyə Nazirliyinin cavabdeh olduğunu qeyd etdi. Səhiyyə Nazirliyinin mətbuat xidməti isə insanları narahat edən ciddi problemi bu formada cavabladı: 

“Peyvənd məntəqəsindəki tibb işçilərinin vəzifəsi onlayn növbə ilə poliklinikaya yaxınlaşan vətəndaşları peyvəndləməkdən ibarətdir. Tibb müəssisələrinin həyətində yaranan növbəni vətəndaşlar özləri tənzimləməlidirlər”.