"Kişilik sütununu, insaniyyətini, vicdanını itirmək..." - FLORA KƏRİMOVA
    • 25-08-2021, 13:33
    • 597

"Kişilik sütununu, insaniyyətini, vicdanını itirmək..." - FLORA KƏRİMOVA

Xalq artisti Flora Kərimovanın sosial şəbəkədə yazdığı status diqqət çəkib. 

News24.az xəbər verir ki, müğənni son günlər baş verən qadın və uşaq qətllərinə münasibət bildirib: "Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur. Yaradandan qorxmadın, deyək, inancın yoxdur. Qız uşağını sevmirdin, insaniyyətini harada itirdin? Dində də, elmdə də təsdiqin tapıb ki, övladın cinsiyyəti atadan gəlir. Deyək ki, bunu bilməyəcək qədər savadsızlar hələ də var. Din xadimləri, bunu aşılayın insanlarımıza. Deyin ki, peyğəmbərimizin tək övladı qız idi. Dinimiz qız övladını necə sevib, qorumağı öyrədir. Sizləri özünə "imam" bilənlər, kitab oxumağa həvəsi və ya fürsəti olmayanlar sözünüzü eşidir. Təbliğ edin ki, dinimiz qız övladına necə dəyər verir. Bunları təkrar-təkrar demək sizin borcunuzdur, vəzifə görəvinizdir. Heç kimi qınamıram. Ola bilər ki, evin kişisi ac da olsun, təhsilsiz də. Bir gün qazanar, bir gun yox. Amma kişilik sütununu, insaniyyətini, vicdanını itirmək... Vicdanı olmayan insan hər şeyə qadir olarmış".