Azərbaycanda koronavirusdan 12 jurnalist həyatını itirib
    • 31-08-2021, 16:06
    • 307

Azərbaycanda koronavirusdan 12 jurnalist həyatını itirib

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) apardığı monitorinqin nəticələrinə görə, pandemiya başlayandan bu günə qədər Azərbaycanda 291 nəfər jurnalist COVİD-19-a yoluxub, 12 nəfər həmkarımız isə həyatını itirib.

JuHİ sədri Müşfiq Ələsgərli News24.az-a bildirib ki, yoluxanlardan 178 nəfəri birinci mərhələnin, 57 nəfəri 2-ci dalğnın, 56 nəfəri isə son mərhələnin dövrünə təsadüf edir. Dünyasını dəyişənlərdən 10 nəfəri 1-ci və 2-ci mərhələdə,  2 nəfəri isə son mərhələdə həyatlarını itiriblər.  

KİV işçilərinin daima ictimaiyyət arasında fəaliyyət göstərdiyini, bununla da  yoluxma riskinin yüksək olduğunu  nəzərə alaraq, Mətbuat Şurası kütləvi informasiya vasitələrində çalışanların  növbədənkənar vaksinasiyasının həyata keçirilməsi üçün rəsmi qurumlara müraciət edib. Müraciətə müsbət cavab verilib. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən 2021-ci ilin aprel ayından etibarən  kütləvi informasiya vasitələrində çalışanların vaksinasiyası həyata keçirilir. Proqram çərçivəsində indiyədək təqribən 70 redaksiyadan 1100 (bir min yüz) nəfərədək  KİV işçisi vaksinasiya olunub.

Proqram çərçivəsində  vaksinasiyadan keçmiş KİV işçilərinin durumu da müşahidə edilir. İndiyədək  1-ci doza  vaksin almış və sonradan  yoluxmuş KİV işçilərinin sayı 3 nəfər, 2-ci doza vaksin almış və yoluxmuş şəxslərin sayı isə 2 nəfərdir. Onlar xəstəlik dövrünü bitirərək fəaliyyətlərini bərpa ediblər. Hər 2 doza vaksini almış KİV işçiləri arasında həyatını itirmə faktı qeydə alınmayıb.

Müşfiq Ələsgərli bildirib ki,  siyahı KİV-lərdə dərc edilən və ya sosial şəbəkələrdə paylaşılan məlumatlar əsasında hazırlanır, özlərinin yoluxmaları barədə  məlumatı ictimailəşdirənləri əhatə edir.  Yoluxduğunu ictimailəşdirməyənlərin sayı fərqli ola bilər.