Dərslər nə vaxt başlayacaq? – Nazirlikdən SƏS ÇIXMIR, valideynlər NARAHATDIR
    • 2-09-2021, 10:44
    • 425

Dərslər nə vaxt başlayacaq? – Nazirlikdən SƏS ÇIXMIR, valideynlər NARAHATDIR

Yeni tədris ili ənənəvi olaraq 15 sentyabrda start götürürdü. Ancaq bu il qaranlıq məqamlar çoxdur. 15 sentyabra sayılı günlər qalsa da, Təhsil Nazirliyindən hələ də səs çıxmır. Sorğu ünvanladıqda isə ictimaiyyətə məlumat veriləcəyi qeyd olunur. Valideynlər isə narahat olmağa başlayıb. Azərbaycanın bəzi bölgələrində yaşayan valideynlər var ki, onların övladları paytaxtda ali təhsil müəssisələrinə qəbul olub. Ancaq valideyn bilmir ki, övladına Bakıda kirayə mənzil tutsun, ya yox. Çox sayda valideyn isə yoluxma sayının pik həddə olduğunu nəzərə alaraq, övladlarını məktəbə göndərməyəcəklərini bildirirlər.

Bəs, görəsən ekspertlər bu barədə nə düşünür? Yeni tədris ilinin hansı formada təşkil olunması məqsədə uyğundur?

Tibb elmləri doktoru, professor Adil Qeybulla saytımıza açıqlamasında bildirib ki, dərslərin açılması situativ-epidemioloji vəziyyətdən asılı olacaq: “Ola bilsin ki, yeni tədris ili əvvəlcə əyani formatda başlayacaq, daha sonra distant formaya keçəcək. Əvvəlki ilin praktikasına baxaq. Bəzən yoluxma o həddə çatıb ki, təmasların məhdudiyyətləşməsi çərçivəsində tədris distant formata keçib. Biz ÜST-ün, beynəlxalq təşkilatların və ayrı-ayrı ölkələrin təcrübəsindən yararlanmalıyıq. Həmin ölkələr hansı addımları atırsa, biz də analoji adımlar atmalıyıq. Həm daxili epidemioloji vəziyyət, həm də beynəlxalq təşkilatların rəyləri nəzərə alınmalıdır. Tədris çox vacib məsələdir. Digər tərəfdən isə pandemiyanın özü xeyli təhlükəlidir. Biz hələ bilmirik ki, yoluxub sağalan xəstələrin orqanizmində sabah nələr baş verəcək?! Ona görə də maksimum çalışmaq lazımdır ki, insanlarımız yoluxmasın”. 

Təhsil eksperti Kamran Əsədov vurğulayıb ki, ali təhsil müəssisələrində tədrisin təşkili kifayət qədər ciddi bir problemə çevrilib: “Pandemiya dövründə orta ümumtəhsil müəssisələrində iki dəfə tədrisin təşkili həyata keçirilsə də ali təhsil ocaqlarında bu məsələ ciddi problem olaraq qalır. Məsafədən təhsil tələbələrin zəruri bilikləri qavramasına maneə törədir. Xüsusilə, tibb və mühəndislik ixtisaslarında tələbələrin problem yaşamasına şahid oluruq. Digər tərəfdən bölgələrdəki internet problemi birmənalı şəkildə tədrisə öz mənfi təsirini göstərir. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, biz ənənəvi tədrisə qayıtmalıyıq. Ancaq burada da müəyyən istisnalar olmalıdır. Ali təhsil müəssisələrində ixtisaslar üzrə əsas fənnlərin ənənəvi qaydada, ikinci dərəcəli fənnlərin isə onlayn rejimdə keçilməsi daha effektiv olar. Vaksin olunmayan birinci kurs tələbələri tədrisin birinci növbəsində, vaksin olunan 2,3,4-cü kurslar isə tədrisin ikinci növbəsində dərslərə qoşula bilər”.

Ekspert bildirib ki, orta ümumtəhsil məktəbləri ilə bağlı məsələ bir az fərqlidir: “Orta ümumtəhsil məktəblərində tədrisin təşkili 2020-ci il 15 sentyabr - 2021 il fevral aylarında baş tutub. Biz orta ümumtəhsil məktəblərində tədrisi təşkil etmək ənənəsinə sahibik. Amma burada müəyyən istisnalar var. Bu günə qədər 10, 11-ci sinif şagirdləri tədris prosesində ənəvi qaydada iştirak edə bilmirdilər. Bu isə onların ali məktəblərə qəbul və eyni zamanda buraxılış imtahanlarına öz təsirini göstərirdi. 

Onlayn təhsildə çətinliklərimiz çoxdur. Şagirdlərin hamısının kompüteri, planşeti və interneti yoxdur. Qaydalara riayət etmək şərtilə tədrisin ənənəvi formada bərpasından narahat olmamalıyıq. Yoluxma riskini aşağı salmaq üçün xüsusi məktəbli avtobuslarını təşkil etməliyik ki, şagirdlər arasında ara məsafəsi gözlənilsin. Eyni zamanda metrodan istifadə günün bir neçə saatlarında şagirdlər üçün ayrılmalıdır”.

Təhsil eksperti Qoşqar Məhərrəmovun fikrincə, tədris prosesinin başlaması və ya bundan sonra distant formaya keçirilməsi ilə bağlı qərar verilsə, bu, normal qarşılana bilməz: “Ümumiyyətlə, geniş məlumat verilməlidir ki, əhali tam olaraq nə edəcəyini təyin etsin. Gec məlumatlandırmadan şagirdlər və tələbələr zərər çəkəcək. Təhsil ictimaiyyəti artıq ənənəvi dərslərə hazırlaşır. Nazir qeyd edib ki, bütün planlar ənənəvi təhsilə əsasən hazırlansın. Valideynlər rəsmi qərarı gözləyirlər. Hesab edirəm ki, pandemiya vaksinə görə müəyyən qədər idarə oluna bilər”.