"Ciyərinin 80 faizi buzlu şüşədir"- Yaqub Zurufçunun vəziyyəti ağırdır
    • 9-09-2021, 12:55
    • 905

"Ciyərinin 80 faizi buzlu şüşədir"- Yaqub Zurufçunun vəziyyəti ağırdır

Azərbaycanın əməkdar artisti Yaqub Zurufçu reanimasiyaya yerləşdirilib.

Bu barədə News24.az-a müğənninin həyat yoldaşı Aynur Zurufçu məlumat verib.

O bildirib ki, sənətçi koronavirusa yoluxub və durumu çox ağırdır: 

"Hazırda Yeni Klinikada həkimlərin nəzarətindədir. Vəziyyəti çox ağırdır. Dünəndən intensiv şöbəyə köçürülüb. 1 həftə idi yanında özüm qalırdım. Vəziyyyəti stabil idi. Amma dünən halı dəyişdi, durumu ağırlaşdı. Onu tanıyan hər kəs bilir ki, Yaqub bəy, çox diqqətli insandır. Analizin cavabı pozitiv çıxan kimi xəstəxanaya yerləşdi. Bir həftə palatada yatdı. Sonra durumu pisləşdi, reanimasiyaya keçirdilər. Həkimlər deyir, ciyərinin 80 faizi buzlu şüşədir, üstəlik ürəyi də zəifdir, stend qoyulub. İynələrə tab gətirə bilsə, sağalacaq”.

Zurufçunun xanımı onu da bildirib ki, sənətçinin durumu ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətinə götürülüb. Bu çətin dönəmdə bizə dəstək olduqları üçün cənab İlham Əliyevə və Mehriban xanıma çox təşəkkür edirəm. Eləcə də, Yaqub bəyin durumu ilə bağlı zəng edən, maraqlanan hər kəsə minnətdaram".

Aynur Zurufçunun açıqlamasının sonunda xəstəxananın reanimasiya şöbəsinin rəhbəri ailə ilə əlaqə saxladı. Bildirdi ki, dünənlə müqayisədə sənətkarın durumu yaxşıya doğru nisbətən dəyişib: "Çoxsaylı sakitləşdirici iynələr vurmuşduq. İndi tədricən özünə gəlir və reaksiyalar verməyə başlayır".