Teatrlar AÇILIR, amma göstəriləcək TAMAŞA YOXDUR
    • 30-09-2021, 18:45
    • 367

Teatrlar AÇILIR, amma göstəriləcək TAMAŞA YOXDUR

Oktyabrın 1-dən etibarən ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə teatr və kinoteartların fəaliyyətinə icazə verilir.

News24.az
xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 24-də qərar qəbul edib.  Teatr və kinoteatrlardakı son vəziyyəti öyrənmək üçün mətbuat xidmətləri ilə əlaqə saxladıq. 

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova qeyd edib ki, kinoteatrlarda qiymətlərlə bağlı son duruma müzakirələrdən sonra aydınlıq gətiriləcək: “Sabah repertuardakı filmlər təqdim olunacaq. Siyahı artıq hazırlanır. Bu gün repertuarı və mobil əlaqəni saytımıza yerləşdirəcəyik. Sabahdan etibarən izləyicilərimiz artıq bilet alıb gələ bilərlər. Altı gün öncə bizə bu barədə məlumat verildiyi üçün hazırlaşmaq asan deyil. Adi günlərdə iki həftə vaxt verilir. 

Ara məsafəsi mütləq tətbiq ediləcək. Ailəvi gələn tamaşaçılar bir yerdə oturacaqlar. Vətəndaşlarımız biletləri həmişəki kimi onlayn və kassadan ala biləcəklər. Kinoteatrlarda foyedə və dəhlizdə mütləq maska taxılmalıdır. Zalda isə maska taxmağa ehtiyac yoxdur. Bizim kinoteatrların əksəriyyəti iri ticarət mərkəzlərində yerləşir. Buna görə də kinoteatr əməkdaşları COVID pasportlarını yoxlamayacaq. Çünki ticarət mərkəzlərinin əməkdaşları içəri yalnız COVID pasportu olanları buraxırlar. Bəzi kinotetrlarımız var ki, ticarət mərkəzlərindən kənarda yerləşir. Belə halda, mütləq şəkildə COVID pasportları yoxlanılacaq”.

Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədova bildirib ki, biletlərin qiyməti dəyişməyib: “Pandemiyadan öncəki filmləri yenidən repertuara hazırladıq. Oktyabrın 7-dən sonra yeni filmlər olacaq. Sabahdan etibarən kassalar açılacaq və bilet satışı baş tutacaq. 

Kinoteatra gələn şəxlərin COVID pasportu əməkdaşların telefonlarında olan xüsusi proqramla yoxlanılacaq. Kassada bilet satışından əvvəl COVID pasportu yoxlanılacaq. Kinoteatrımızda təlimata əsasən, yanaşı oturulmayacaq. Amma bəzi istisnalar var. Elə olur ki, kinoya baxmağa iki və daha artıq insan bir yerdə gəlir. İki nəfərdən artıq olmamaq şərtilə yanbayan bilet satıla bilər. Buna baxmayaraq, bizə rəsmi təlimat gəlməyib. Kinoteatr heyəti olaraq fikirləşirik ki, cüt olan tamaşaçıları bir yerdə oturtmaq olar. Çalışacağıq ki, ailəvi gələnlər isə tam yanaşı oturmasınlar. Bir ailədən beş-altı nəfər gəlibsə, onların iki-iki oturmasına şərait yaradılacaq. Təlimata əsasən, digər tamaşaçıları tək-tək, şahmat üsulu ilə əyləşdirəcəyik. Buna tam nəzarət edəcəyik.

Kassada, zalların qarşısında, girişdə maskalar, dezinfeksiya məhlulları yerləşdiriləcək. Hər seansdan sonra zalın havalandırılmasına xüsusi fikir veriləcək”.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat katibi İradə Əliyeva isə ən yaxın tamaşanın 9 oktyabrdan sonra nümayiş olanacağını bildirib: “Bu gün məşqlər baş tutdu. Tamaşaçılar tək-tək, şahmat üsulu ilə əyləşəcək. Ailəvi olub-olmamasının buna aidiyyəti yoxdur”.

Akademik Milli Dram teatrının mətbuat katibi Cavid Zeynallı vurğulayıb ki, sabahdan etibarən tamaşaların məşqləri olacaq: “15 oktyabrdan sonra isə  tamaşalar izləyicilərə nümayiş olunacaq”. 

Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə isə sabah üçün nazirlik tərəfindən hər hansı bir tədbirin keçirilməyəcəyini deyib.