Kəlbəcər və Laçın balı Bakıda SATIŞA ÇIXARILDI - FOTO
    • 20-10-2021, 12:06
    • 303

Kəlbəcər və Laçın balı Bakıda SATIŞA ÇIXARILDI - FOTO

Bu gün Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.

News24.az-ın məlumatına görə, qeydiyyatı təsdiqlənmiş arıçıların bal və digər arıçılıq məhsullarının “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarından Sərgi-Satış Yarmarkasının keçiriləcəyi ünvana daşınması prosesi başa çatıb.

Qeydiyyatı təsdiqlənmiş arıçılar məhsullarını anbara təhvil veriblər. Anbara təhvil verilən balın və digər arıçılıq məhsullarının ümumi həcmi 120 tona yaxındır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayacaq.


Xatırladaq ki, yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə 25 sentyabr saat 00:00-dan 29 sentyabr saat 23:59-dək həyata keçirilib. Dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası səbəbindən builki yarmarkada hər bir iqtisadi rayondan maksimum 40 olmaqla ümumilikdə 250 arıçı iştirak edəcək. Yarmarka iştirakçıları növbəlilik əsasında müəyyən olunub. Belə ki, onlayn qaydada ilk qeydiyyatdan keçmiş arıçıların iştirakları təsdiqlənib.Yarmarkada iştirak üçün hər bir arıçıya Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 25 arı ailəsinə malik olması tələbi qoyulub. Yarmarkada yalnız COVID-19 pasportuna və ya immun sertifikatına malik arıçılar iştirak edə biləcəklər.


Qeyd edək ki, yarmarka ərazisinin zonalara və sektorlara bölünməsi, həmçinin arıçıların yer bölgüsü püşkatma vasitəsi ilə müəyyən edilib. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilir. Vətəndaşlar 20 oktyabr-7 noyabr tarixlərində hər gün saat 09:00-dan 19:00-dək Bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.

“Bal yarmarkasına Kəlbəcər və Laçın rayonlarından da bal gətirilib”.


Bu barədə saytımıza açıqlamasında nazirliyin şöbə müdiri Vüqar Hüseynov deyib.


O bildirib ki, yarmarkada digər rayonlarla yanaşı, işğaldan azad edilən ərazilərdə istehsal edilən bal məhsulları da çıxarılıb: "Qarabağdan gətirilən arı məhsulları yoxlanılıb və həmin balların daha keyfiyyətli olduğu müəyyənləşib. Həmin ərazilərdə arılardan alınan məhsulların bir qismi yarmarkaya qədər satılıb. Amma sahibkarlar yarmarkaya da bu ballardan çıxarıb. Təxminən 200 kiloqram Kəlbəcər yaylaq balı satışa çıxarılıb”.

FOTO: Nicat Niftəliyev