VI Mədəniyyətlərarası Dialoq Forumunu başa çatdı
    • 2-05-2024, 17:27
    • 248

VI Mədəniyyətlərarası Dialoq Forumunu başa çatdı

Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib.

News24.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, ISESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, BMT Turizm təşkilatının baş icraçı direktoru Zoritsa Uroşevi və BMTSA-nın direktoru Nihal Saad çıxış edib.

Mədəniyyət naziri Adil Kərimli bildirib ki, bu forum əməkdaşlığın inkişafına töhfə verəcək:

“Biz bu forum vasitəsiylə dünyaya bir mesaj çatdırmaq istədik. Mesaj ondan ibarət idi ki, mədəniyyətlərarası dialoqla biz bir çox məsələlərin həllinə töhfə verə bilərik”.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxışı zamanı tədbirin təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

O söyləyib ki, sülhün qorunması üçün əməkdaşlıq imkanlarının araşdırılması və səylərin gücləndirilməsinə çalışılacaq:

"Biz həmrəyliyimizi möhkəmləndirməliyik".

BMT Turizm Təşkilatının icraçı direktoru Zoritsa Uroşevi çıxışı zamanı Azərbaycan hökumətinə təşəkkür edib:

"Biz burada bir incəsənət məbədində görüşdük. Mənə elə gəlir ki, bu, ən düzgün vaxtda və düzgün məkanda həyata keçirilən bir tədbir oldu".

BMTSA-nın direktoru xanım Nihal Saad deyib ki, mədəniyyətin aparıcı rolu danılmazdır:

"Mədəniyyətlərarası dialoq bir günlük məsələ deyil, həyat tərzidir. Biz forumların əksəriyyətində problemlər barədə çağırışlar eşidirik. Bu forumda isə biz problemləri müəyyən etdik, həmçinin onların əsas səbəblərinin diaqnostikasını apardıq. Ümid edirəm, burada iki gündə əldə olunan nəticələri dəyərləndirəcək və davam etdirəcəyik".

"Gələcəkdə bu forumda gənclərə daha çox yer ayrılacağına ümid edirəm", - deyə əlavə edib.

Qeyd edək ki, “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edib.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilib.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə baş tutub.//metbuat