Canəli Əkbərov dəfn olundu - YENİLƏNDİ - FOTOLAR
    • 23-10-2021, 14:25
    • 1 078

Canəli Əkbərov dəfn olundu - YENİLƏNDİ - FOTOLAR

Ötən gün dünyasını dəyişən Xalq artisti, xanəndə Canəli Əkbərov dəfn olunub.

News24.az xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində mədəniyyət naziri Anar Kərimov, nazirliyin nümayəldələri, incəsənət xadimləri, mərhumun ailə üzvləri iştirak ediblər.

*** 12:26
"Allah Cənəli Əkbərova qəni-qəni rəhmət eləsin. Atam, anam rəhmətə gedəndə Canəli müəllim o vəziyyətdə Cəlilabada yas mərasiminə gəldi.  O, ustad olub. Həyatda hər zaman haqq, düzgünlük yolu ilə gedib. Bizə örnək olub. Onun yolunu davam etdirməliyik".

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev deyib. 

Xalq artisti ilə vidalaşmağa gələn ifaçı bildirib ki, C.Əkbərovu son dəfə xəstəxanada görüb: "Canəli müəllim xəstəxanadaydı. Rəhmətlik Baloğlan Əşrəfovla bir yerdə onu yoluxmağa getmişdik. Amma son zamanlar evdə müalicə olunurdu deyə ziyarətə gəlməyə utanırdım. Düşünürdüm, pandemiyadır, belə vaxtda narahat eləmək doğru olmaz. Qaydaları gözləmək lazımdır. Amma mütəmadi telefonla danışırdım, səhhətini soruşurdum”.

Y.Mustafayev bildirib ki, Canəli Əkrovun oğlunun vəfatı onu çox sarsıtmışdı: “Valideynə bundan böyük dərd ola bilməz. Canəli müəllimin çox yüksək, şah sənəti var idi. Hərəkətləri, şuxluğu, səhnə davranışı nümunə idi. Amma oğlu rəhmətə gedəndən sonra o, çox düşdü, sınıxdı. Allah ona qəni-qəni rəhmət eləsin”. 

Canəli Əkbərovla vidalaşmağa gələnlər arasında tələbəsi Əməkdart artist Babək Niftəliyev də olub. O, Canəli Əkbərovun hər kəsin sevimli xanəndəsi olduğunu vurğulayıb: "Canəli müəllimin mənim üzərimdə 4 il zəhməti olub. Ən əsası opera sənətində də, səhnəsində onun çox böyük xidmətləri var. Neçə illər “Leyli və Məcnun”u, “Şah İsmayıl”ı böyük əzmkarlıqla oxuyub. Hazırda səhnəyə qoyulan  "Şah İsmayıl"ın ifasında Canəli Əkbərovdan çox şeylər öyrənilir. O, hər kəsin sevimli xanəndəsi idi. Təkcə ustad xanəndə yox, həm də gözəl ailə başçısı idi. Allah yaxınlarına, doğmalarına səbr versin. 2003-cü ildə Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olanda məni Canəli müəllimin sinifinə verdilər. Böyük həvəslə onun verdiyi tapşırıqları, muğamları, xalq mahnılarını, bəstəkar mahnılarını mənimsədim. Fəxr edirəm ki, onun tələbəsi olmuşam”.

B.Niftəliyev bildirib ki, Canəli Əkbərov xəstə yatdığı müddətdə onu tez-tez ziyarət edib: “Onun üçün oxuyurdum, ürəyi açılırdı. Həmişə çox maraqlı söhbətlərimiz olurdu. Mənə səsimə qulluq etməyimi tapşırdı. Uğurlarıma sevinirdi. Efirdə görəndə zəng edib öyüd, nəsihət verirdi. Son iki ayda telefonla əlaqə saxlayırdım. Pandemiyaya görə yanına gələ bilmirdim. Qızı Sevinc xanımla əlaqə saxlayıb vəziyyətini soruşurdum. Ölüm xəbəri məni çox sarsıtdı". 

Mərhum Xalq artistinin qardaşı Tərlan Əkbərovsa qardaşının Şuşanı görməyi çox arzuladığını deyib: “Şuşanı görməyi arzulayırdı. Çox istəyirdim ki, bu arzusuna çatsın. Amma səhhəti imkan vermədi. Çünki Xan əminin sağlığında o Şuşaya tez-tez gedərdi. Deyirdi ki, Şuşanın dağlarında, Turşu yaylağında, İsa bulağında səsim qalıb".

Tərlan Əkbərov qardaşının Xan Şuçinskinin yetirməsi olduğunu da vurğulayıb: "Qardaşım çox dürüst insan idi. Biz ondan əxlaq tərbiyəsi aldıq. Həm də sənətini, musiqini çox sevən, ona çox bağlı sənətkar idi. Baba Mirzəyev onu Azərbaycan muğam sənətinin "cəngavər ifaçısı" adlandırmışdı. Çünki muğam ifaçılığının sirrlərini Xan Şuşinskidən almışdı.

T.Əkbərov onu da qeyd edib ki, vəfatından qabaq sənət yoldaşları Arif Babayev, Mənsum İbrahimov, Teymur Mustafayev, Yaqub Zurufçu, Baloğlan Əşfərov, Səkinə İsmayılova onu ziyarət ediblər”.