Şirniyyat sexində nöqsanlar - FOTO
    • 1-11-2021, 10:07
    • 227

Şirniyyat sexində nöqsanlar - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentlikdən News24.az-a bildirilib ki, qurumun əməkdaşları tərəfindən Gəncə şəhəri, Zərrabi küçəsi 53 ünvanında fəaliyyət göstərən “Ləziz” şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib.

İlkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi, müəssisənin istehsal sahəsinin yuyulub təmizlənə bilən materiallarla təchiz edilmədiyi, otaqlarda uzun müddətdən bəri təmizlik işlərinin aparılmadığı müəyyən olunub.

Yoxlama zamanı müəssisədə mal qonşuluğu prinsipinə riayət edilmədiyi, məhsulların hazırlanmasında yararlılıq müddəti bitmiş yağlardan, sulu mayadan, qaymaqdan, krem tozundan istifadə edildiyi, satışa çıxarılan məhsulların üzərində etiket məlumatlarının qeyd olunmadığı, işçilərin xüsusi geyim formaları ilə təmin edilmədiyi məlum olub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını qətiyyətlə almaqdadır.