“Qarabağ” milli geyim kolleksiyasının TƏQDİMATI KEÇİRİLDİ - FOTOLAR
    • 1-11-2021, 15:53
    • 853

“Qarabağ” milli geyim kolleksiyasının TƏQDİMATI KEÇİRİLDİ - FOTOLAR

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Azərbaycanın tanınmış modelyer-dizayneri Gülnarə Xəlilovanın hazırladığı “Qarabağ” milli geyim kolleksiyasının təqdimatı keçirilib. 

News24.az xəbər verir ki, kolleksiyanın təqdim edilməsində məqsəd Azərbaycanın, ümumilikdə bütün Türk dünyasının ayrılmaz parçası olan Qarabağın çoxəsrlik geyim mədəniyyətini daha geniş auditoriyaya çatdırmaqdır.

Tədbirdə rəsmilər, Azərbaycanda akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tədbiri açaraq, bu təqdimatın Böyük Zəfərin qeyd olunmasına çox yaxın bir tarixdə keçirildiyini vurğulayıb. Fondun prezidenti eyni zamanda Türkiyədə Cümhuriyyət Bayramının 98-ci il dönümünün qeyd edildiyini bildirərək, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcının simasında Türk dövlətini və xalqını təbrik edib. Günay Əfəndiyeva eyni zamanda Fondun digər qurucu üzv dövləti olan Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmanaliyevi etimadnaməsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi münasibətilə təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilovanın hazırladığı milli geyimlərdən ibarət kolleksiyanın Azərbaycan mədəniyyətində xüsusi yeri olduğunu vurğulayan Günay Əfəndiyeva deyib: “Bu kolleksiya bir Tarixdir, çünki özündə Qarabağın 12 tarixi şəhərini birləşdirir. Kolleksiyanın hər bir geyimi Qarabağın bir bölgəsini təcəssüm edir və sanki həmin bölgənin canlı obrazını yaradır. Eyni zamanda bu kolleksiya  bir Yaddaşdır. Türk Dünyasının ən qədim yazılı abidələrindən olan “Kitabi-Dədə-Qorqud” dastanından başlayaraq, yüzilliklər ərzində formalaşan milli adət-ənənələrin bərpasıdır, mənəvi dəyərlərin yaşadılmasıdır, muğamların oxunmasıdır, qəzəllərin, rübailərin səslənməsidir.”

Fondun prezidenti bildirib ki, Ağabəyim ağa, Xurşidbanu Natəvan kimi Qarabağın ziyalı qadınları gözəl ornamentlərlə, naxışlarla, xüsusi elementlərlə bəzədilmiş, xalq yaradıcılığının bədii xüsusiyyətlərini özündə əks etdirən libaslardan istifadə etmişlər.

“Bu kolleksiya Qarabağın qayıdışına, bu unudulmaz hissləri bizə yaşadan Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, Şəhid və qazilərimizə bir İthafdır”, - deyə Fondun prezidenti vurğulayıb. Günay Əfəndiyeva Bəynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türk Dünyasının mədəni-mənəvi dəyərlərini əks etdirən layihələrə hər zaman dəstək verdiyini qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, kolleksiyanın tarixi bir gündə təqdim edilməsi rəmzi məna daşıyır. O, bir il bundan öncə Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğal altında qalan torpaqların azad edildiyini və Qarabağın tarixində yeni bir səhifənin açıldığını bildirib. Sevda Məmmədəliyeva öz çıxışında hal-hazırda Şuşa və Qarabağın digər rayonlarında quruculuq işlərinin aparıldığını, genişmiqyaslı layihələrin həyata keçirildiyini diqqətə çatdıraraq, uzun illər vandalizmə məruz qalan ərazilərin bərpası ilə yanaşı mədəni tədbirlərin də təşkil edildiyini qeyd edib. Qarabağın zəngin mədəni irsində milli geyimlərin xüsusi yer tutduğunu vurğulayan Sevda Məmmədəliyeva bildirib ki, geyimlər hər bir xalqın mədəniyyəti ilə sıx bağlıdır. Geyimlərdə xalqın adət-ənənələri, dünya görüşü, yaradıcılığı, milli təfəkkürü öz təsdiqini tapır. Azərbaycanın qədim libasları, kəlağayıları əlvan rənglərlə seçilib. Bu geyimlər Azərbaycan xalqının qiymətli xəzinəsi, əsrlərdən qalan sərvətidir. Nazir müavini, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkil etdiyi tədbirlərin hər zaman yüksək səviyyədə keçirildiyini vurğulayaraq, Gülnarə Xəlilovaya “Qarabağ” kolleksiyasını hazırladığı üçün təşəkkür edib. 

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova tədbirdə çıxış edərək, söyləyib: “Apardığımız müşahidələr onu deməyə əsas verir ki, Azərbaycanın milli geyimində Qarabağ libasları xüsusi yer tutur. Qarabağın geyim mədəniyyəti bizim milli-mənəvi və maddi dəyərlərimizin ayrılmaz tərkib hissəsidir.” Kolleksiya haqqında məlumat verən Gülnarə Xəlilova, türkdilli xalqların maddi- mədəni irsiylə bağlı bütün layihələrə, o cümlədən “Qarabağ Azərbaycandır!” layihəsi  çərçivəsində milli geyim kolleksiyasının daha geniş miqyasda tanıdılmasına hər zaman dəstək göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkür edib.

Daha sonra “Qarabağ”milli geyim kolleksiyası nümayiş olunub. Kolleksiyada mövcud olan hər bir nümunə Qarabağın 12 şəhərinin (Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli, Xankəndi, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa və Zəngilan) adını daşıyır. Kolleksiya əsasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən çap olunan kataloqlar qonaqlara təqdim edilib. Kataloqda Qarabağın 12 şəhəri, qədim abidələri və milli qeyimləri öz əksini tapıb.