“Favorit”dən qol saatı oğurlayan gənc azadlığa buraxıldı
    • 3-11-2021, 10:32
    • 659

“Favorit”dən qol saatı oğurlayan gənc azadlığa buraxıldı

Bakı şəhər Mir Cəlal küçəsində yerləşən “Favorit” marketdən qol saatı oğurlayan Kürdəmir rayon sakini, 1992-ci il təvəllüdlü Lətif Quliyev (şərti) barəsindəCinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq - saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə açılmış cinayət işi üzrəməhkəmə prosesi başa çatıb. 

News24.az-ın məlumatına görə, Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesin yekununda təqsirləndirilən şəxsin azadlığa buraxılmasına qərar verilib.

Məlum olub ki, ailəli olan 29 yaşlı oğlan 1 ədəd 220 manat dəyərində gümüşü-göy rəngli, metal qolbaqlı “M.Maddox” markalı kişi qol saatını oğurladıqdan sonra həmin saatı geri qaytarıb və qarşı tərəfə dəymiş zərəri ödəyib. Supermarket əməkdaşları da onun bağışlanmasını xahiş edib. Təqsirləndirilən şəxs ifadəsində deyib: “Saat 13 radələrində tanışımla birlikdə nəsə almaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən “Favorit” marketə daxil olduq. Tanışım başqa vitrində olan əşyalara baxırdı, mən ayrılıb kişi qol saatları satılan vitrinə yaxınlaşdım, həmin vaxt vitrinin içində olan “M.Maddox” markalı kişi qol saatını gördüm. Atasının səhhəti ağır olduğundan həmin saatı oğurlamaq qərarına gəldim. Ətrafa nəzər salaraq satıcının da başının qarışıq olduğunu görüb vitrinin üzərində olan açarla vitrinin qapısını açaraq həmin kişi qol saatını oğurlayıb cibinə qoydum. Atamın səhhətinin ağır olması ilə əlaqədar Bərdə rayonunda olduğumdan məhkəmə araşdırmasından xəbərsiz olmuşam, eyni zamanda atam 26 yanvarda vəfat etdi. Hazırda törətdiyim cinayət əməlindən peşmanam, zərərçəkmiş şəxs ilə barışmışam. Ailəli olmaqla himayəmdə 2 azyaşlı uşaq, xəstə anam var”.

Məhkəmə yüngülləşdirici halları nəzərə alaraq 3 aya yaxın həbsdə saxlanılan şəxsi azadlığa buraxıb. Belə ki, onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib və elektron qolbaq taxılıb. L.Kərimov elektron qolbağı 2 il 6 ay 24 gün müddətində üzərində gəzdirməlidir.