36 yaşlı oğlan ruhu xəstə qıza dəfələrlə təcavüz etdi - Bakıda şok
    • 16-07-2018, 17:57
    • 2 396

36 yaşlı oğlan ruhu xəstə qıza dəfələrlə təcavüz etdi - Bakıda şok

Bakıda qadına qarşı təcavüz etməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Ceyhun Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ceyhun Səlimov 7 aprel 2015-ci il tarixdə, gecə saat 23 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən "Bizim məkan” adlı kafeyə gəlib.

Kafedə tanışlıq
Ceyhun Səlimov orada tanışı Samiri yanında bir qızla çay içərkən görüb və onlara yaxınlaşaraq ondan həmin qızın kim olması ilə maraqlanıb.

Samir həmin qızı avtobus dayanacağında gördüyünü, sonuncunun üşüdüyünü gördüyünü, onu içəri gətirdiyini və qızda əqli cəhətdən anormallıq olduğunu bildirib.

Əqli cəhətdən zəif qızı təcavüz planı
Daha sonra Sahibə Əliyeva Ceyhun Səlimov və Samirlə birlikdə kafedən çıxıb. Kafenin çölündə Ceyhun həmin qızı sorğu-sual edib. Sorğu-sual zamanı o, qızın Sahibə Babayeva olduğunu bilib. Sahibə ona qalmağa yerinin olmadığını söyləyib.

Bu zaman Ceyhun Səlimov xəstəliyi ilə əlaqədar ona qarşı edilən cinayət xarakterli hərəkətlərin mahiyyətini dərk etmədiyini anlayıb, köməksiz vəziyyətindən istifadə edərək onu qəsdən zorlamaq qərarına gəlib.

Qohumunun evində zorakılıq
Bu məqsədlə Ceyhun Səlimov onu gecə qalmaq adı ilə aldadaraq özü ilə, əvvəlcə qohumu "Kamandar” adlı şəxsə məxsus, Suraxanı rayonu Hövsan qəsəbəsi, 1 nömrəli Zeytun sovxozunda yerləşən evə aparıb.

Aprelin 8-ə keçən gecə saat 02 radələrində Ceyhun Səlimov Sahibə Babayevaya təcavüz etmək istəyini reallaşdırıb. O, həmin vaxt Sahibə Babayevaya zor tətbiq edərək, ona xəsarət yetirib, daha sonra onunla cinsi əlaqədə olub.

İkinci dəfə də təcavüz etdi
Bundan başqa, Ceyhun Səlimov təkrarən ertəsi gün, saat təxminən 06 radələrində Sahibə Babayevanı tanışı Araz Mehdiyevin yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsindəki evə aparıb. O, evin yataq otağında Sahibə Babayevaya zor tətbiq etməklə, onunla cinsi əlaqədə olub.

İki maddə ilə cinayət işi
İstintaq orqanı tərəfindən Ceyhun Səlimovun barəsində Cinayət Məcəlləsinin 149.2.5-ci (təkrar zorlama) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham elan edilib.

"Qızdan adını soruşdum”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun Səlimov bildirib ki, aprelin 7-də, Suraxanı rayonunda yerləşən "Bizim məkan” kafesində tanışı Samirin təxminən 20 yaşlarında bir qızla çay içməsini görüb: "Qızın kimliyi ilə maraqlandım. Samir həmin qızın "161” saylı avtobusdan düşdüyünü, üşüdüyünü görərək kafeyə gətirməsini, həmçinin onun kəmağıl olmasını bildirdi. Kafedən Samir və həmin qız bayıra çıxdılar. Mən də onların arxasınca bayıra çıxdım və qızdan adını, haradan gəlməsini soruşdum. O, qadının Sahibə olduğunu, Keşlə qəsəbəsində yaşadığını dedi”.

"Bir gecə saxlamağı təklif etdim”
Ceyhun Səlimovun sözlərinə görə, Sahibə qalmağa yerinin olmadığını bildirib: "Həmin vaxt Hövsan qəsəbəsi 1 saylı Zeytun sovxozunda əmim oğlu Kamandara məxsus olan həyət evinin boş olduğunu söylədim. Samirə bir gecəlik həmin qızı apararaq səhərəcən saxlamağı, səhər isə ya polis orqanlarına, ya da ailəsinə təhvil verməyi təklif etdim. Sonra Samir evinə getdi. Mən də həmin qızla kafedən 500-600 metr aralıda yerləşən Kamandara məxsus evə gəldik. Həyət evinin giriş qapısının açarı məndə olmadığından əvvəlcə qız, sonra mən səkidən evin həyətinə tullanaraq mənzilə daxil olduq”.

"Qızı hamama apardı”
Ceyhun Səlimov qeyd edib ki, burada pəncərədə şüşə olmadığından otaq çox soyuq olub: "Sonra qızı tanışım Arazgilə apardım və gecəni orada qaldıq. Qız anası tərəfindən döyüldüyünü, evlərinə getməyəcəyini və işləmək istədiyini bildirdi. Hövsan qəsəbəsində tanışım Təvəkkülün təndirxanası olduğundan, qızın orada işləyib, orada da qala biləcəyini düşündüm. Təvəkkülü Arazın evinə çağırdım, qıza iş verməsini xahiş etdim. Təvəkkül razılaşaraq, qızı Əminə adında qadına verdi, Əminə qızı götürərək hamama apardı”.

"Cinsi əlaqədə olmamışam”
Ceyhun Səlimov bildirib ki, daha sonra qızla bağlı Təvəkküldən polisə məlumat verməsini xahiş edib: "Sonra Təvəkkül mənə zəng vuraraq, həmin qızın ailəsinin Keşlə qəsəbəsində tapıldığını və onu ailəsinə təhvil verdiyini bildirdi. Sonradan məni prokurorluqda dindirdilər. Qıza qarşı zor işlətməmişəm, onunla cinsi əlaqədə olmamışam”.

"Zorla mənimlə cinsi əlaqədə oldu”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sahibə Babayeva bildirib ki, aprelin 7-də, saat 23 radələrində Hövsan qəsəbəsində Samir adlı şəxs onu avtobus dayanacağından kafeyə aparıb: "Orada Ceyhun ilə tanış oldum. Kafedən çıxdıqdan sonra Ceyhun məni yaxınlıqdakı bir evə gətirdi. Biz daş hasardan aşaraq, mənzilə girdik. Orada Ceyhun zorla mənimlə əvvəlcə təbii yolla, sonra arxdan cinsi əlaqədə oldu”.

"Xahiş etdi ki, şikayət etməyim”
Zərərçəkmişin sözlərinə görə, daha sonra Samir səhərə yaxın onu başqa bir evə aparıb: "Orada da mənimlə cinsi əlaqədə oldu. Ceyhun məni gətirdiyi ikinci evdə Araz Mehdiyev də olub. Sonuncu da mənimlə cinsi əlaqədə olub. Sonra məni Təvəkkül Astanovun iş yerinə gətirdilər. Orada olan Nərminə Quliyeva mənə yemək verdi, hamamlanmağım üçün şərait yaratdı, təmiz paltar verdi. Əminə Məmmədova isə məndən xahiş etdi ki, Ceyhunun iki qızı olduğundan ondan şikayət etməyim. Amma mən polisə şikayət ünvanladım. Çünki mənə təcavüz məruz qalmışdım”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Səlimovun əməli sübuta yetirilməyib. Məhkəmə hər iki maddə üzrə ona bəraət verib.

Bu hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror C.Səlimovun barəsində ittihamedici hökm çıxarılmasını tələb edib.

Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrlik etdiyi kollegiyada prokurorun protesti araşdırıb. Hakim heyəti sonda prokurorun protestini təmin etməyib.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokurorun protestində Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya insatnsiyasında araşdırılmasını istəyib.

Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada prokurorun kasasiya protesti təmin edilib və Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunaraq, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar çıxarılıb.

Yaxın günlərdə bu iş üzrə Bakı Apelyasiya Məhkəməsində yenidən araşdırma başlanacaq.

// Publika.az