Cıdır düzündə "Sarı gəlin" rəqsi - VİDEO
    • 4-11-2021, 10:35
    • 1 418

Cıdır düzündə "Sarı gəlin" rəqsi - VİDEO

“Sarı gəlin”i dinləyən hər bir azərbaycanlı üçün bu mahnı bir başqa doğmadır. Nakam eşq hekayəsi haqqında olan Azərbaycan türklərinin qədim və əsrarəngiz xalq mahnısı olan “Sarı gəlin” axıcılığı, sadəliyi, ürəyəyatımlılığı ilə qəlbləri fəth edir... Elə mahnılar var ki, kəpənək kimi bir günlük ömrü var, amma elə mahnılar da var ki illər, əsrlər onu yaddaşlardan silə bilmir. “Sarı gəlin” də belələrindəndir...Əbədi yaddaşımızdır...Tariximizdir... Və bu tarixi musiqimizin illərlə həsrətində olduğumuz Şuşada səslənməsi bir başqa zövq verir insana. 

News24.az xəbər verir ki, “Fire Land Production” təşkilatçılığı və Şuşa Şəhəri Dövlət Qoruğunun dəstəyi ilə həyata keçirilən “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində Şuşada Cıdır düzündə, İsa bulağında xalq artisti, dəyərli sənətkarımız Təranə Muradova uzun illərdən sonra rəqs etdi. Sevinc göz yaşlarını saxlaya bilməyən dəyərli sənətkarımız məhz “Sarı gəlin” mahnısının sədaları altında Cıdır düzündə qol götürüb quş kimi süzdü. Cıdır düzündə, İsa bulağında Təranə Muradovanın bu rəqsi insanı bir daha qürurlandırır, göylərə qaldırır. Əlixan Səmədovun Azərbaycanın qədim musiqi aləti olan balabanda ifa etdiyi “Sarı gəlin” sanki, qanını, canını bu torpağa qurban verən igid Azərbaycan oğullarının ruhuna dualar pıçıldayır. Allah şəhidlərimizin ruhunu şad etsin.. Üçrəngli müqəddəs bayrağımız daim zirvələrdə dalğalansın! Doğma torpaqlarımızda səslənən musiqilərimizin sədası əbədi olaraq düşmənlərimizin qulağını batırsın!