Yaşar Nurinin 70 illik yubiley tədbirində yaşananlar - FOTOLAR
    • 4-11-2021, 12:01
    • 1 222

Yaşar Nurinin 70 illik yubiley tədbirində yaşananlar - FOTOLAR

Ötən gün Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq artisti Yaşar Nurinin 70 illiyinə həsr olunan təntənəli yubiley tədbiri keçirilib. Tədbirdə Mədəniyyət naziri Anar Kərimov, teatr və kino ictimaiyyətinin nümayəndələri, sənətkarın ailə üzvəri iştirak edib. 

News24.az xəbər verir ki, yubiley tədbirində çıxış edən nazir Yaşar Nurini Azərbaycan mədəniyyətinin böyük sənətkarı kimi xarakterizə edib: “Yaşar Nuri elə bir böyük sənətkardır ki, onun yaratdığı obrazlar hər bir tamaşaçı tərəfindən daima seviləcəkvə xatırlanacaq. Bu, sənətkarın xoşbəxtliyidir. Yaşar Nuri məhz belə xoşbəxt sənətkar ömrü yaşayıb. Böyük teatr və kino aktyoru, unudulmaz insan Yaşar Nuri hər zaman böyük hörmət və ehtiramla yad olunacaq”.

Tədbirdə professor İlham Rəhimli, Xalq artistləri Vaqif Mustafayev və Ramiz Həsənoğlu Yaşar Nurinin kino və teatr yaradıcılığı haqqında fikirlərini bölüşüb, onunla bağlı xatirələrini danışıblar.

Xalq artisti Brilliant Dadaşova, əməkdar artistlər Teymur Əmrah və Aybəniz Haşımova, Yaşar Nurinin qızı Ülkər Nuriyeva gecənin musiqili qonaqları olub. Bundan başqa Yaşar Nurinin teatr tamaşaları, filmləri və televiziya tamaşalarından fraqmentlər nümayiş olunub. 

Ailəsi adından çıxış edən qızı Ülviyyə Nuriyeva tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyi və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirdə diqqətçəkən əsas məqamlardan biri isə Xalq artisti Firəngiz Mütəllimovanın yubileyə qatılmaması olub. Aktrisa News24.az-a açıqlamasında bunu səhhətində yaranan problemlə əlaqəli olduğunu bildirib.

Qeyd edək ki, Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.
1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib.

Yaşar Nurinin sənəti dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, 1982-ci ildə əməkdar artist, 1989-cu ildə isə Xalq artisti fəxri adlarına , 1991-ci ildə Dövlət mükafatına, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Birinci dərəcəli mükafatına layiq görülüb. Yaşar Nuri Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi, "Şöhrət" ordeninə layiq görülmüşdü.