-
- 6-09-2021, 18:34
- 865
"Sifarişlə Həcc olmur"- Nurəddin Mehdixanlı Yaşar Nurinin anım tədbirində QƏZƏBLƏNDİ
Bu gün Teatrlar Xadimləri İttifaqının təşkilatçılığı ilə mərhum Xalq artisti Yaşar Nurinin 70 illik yubileyi məzarı başında qeyd edilib.
News24.az xəbər verir ki, Xalq artistini yad etmək üçün II Fəxri Xiyabana onun həyat yoldaşı Rəhimə Nuriyeva və sənət yoldaşları toplaşıb.
Öncə Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini Hacı İsmayılov söz alıb.
O, Yaşar Nurinin Azərbaycan mədəniyyəti tarixində əvəzsiz sənətkar, böyük sənət fədaisi olduğunu bildirib.
Daha sonra tədbirə qatıla bilməyən Akademik Milli Dram Teatrının rəhbəri, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovun salam və təşəkkürlərinin çatdırıb.
H.İsmayılov Yaşar Nurinin ən çətin günlərində yanında olduğu üçün həyat yoldaşı Rəhimə Nuriyevaya minnətdarlığını bildirib. Qeyd edib ki, mərhum sənətkarın ən böyük arzularından biri də övladlarını xoşbəxt görmək idi.
H.İsmayılov çıxışından sonra sözü Xalq artisti Nurəddin Mehdixanlıya verib. N.Mehdixanlı Yaşar Nurinin ən çox sevilən aktyorlardan biri olduğu deyib: “Yaşarın kino və teatr sahəsində çox böyük xidmətləri var. Telekanallarda 2 və ya 3 gündən bir tamaşalarından birindən fraqment yayımlandığını görə bilərik. Yaşar Azərbaycan dövlətinin ən böyük mükafatlarını alıb və hər zaman diqqətdə saxlanılıb. Amma biz bir-birimizə necə qiymət veririk? Ancaq öləndən sonra bir-birimiz haqda xoş sözlər deyirik, tərifləyirik. Bu tədbir əslində ayın 3-də olmalı idi. Əgər biz doğurdan dediyimiz sözlərin sahibiyiksə, həmin gün burada toplaşmalıydıq.
Mən bu gün burada mütləq iştirak etməli olan insanları görmürəm. Sifarişlərlə həcc qəbul olunmur. Mənə elə gəlir ki, bu, bu gün bizim özümüzə münasibətimiz Azərbaycan teatr mədəniyyətinə münasibətimizin göstəricisidir. Pandemiya bizi bir tərəfdən sıxışdırır. Amma bizi yaşadan bir şey var, o da bir-birimizə olan sevgimiz, diqqətimizdir. Biz sağlığımızda bir-birimizə qiymət versək, dünyasını dəyişəndən sonra da qiymətləndirilərik. Gərək Yaşar Nurinin həyat yoldaşı hay-haray qoparmalıydı, dillənməliydi ki, nəsə bir hərəkət olsun? Heç kim məndən inciməsin, mənim 65 yaşım var. Bundan sonra nə itirəcək, nə də qazanacaq bir şeyim yoxdur. Amma istəyirəm ki, mənim teatrımın keçmişinə, bu günə qədər onu yaşadanlara hörmət etsinlər. Çünki teatr millətin mədəniyyət səviyyəsinin göstəricisidir. Mən çox istəyərdim ki, burada Teatr Xadimləri ittifaqının sədri, Akademik Milli Teatrın bədii rəhbəri və direktoru Azərpaşa Nemətovu görüm. Onun çıxışını eşidim. Bu şikayət deyil. Aktyor olaraq haqqımdır və görmək istədiyim şeylərdir. Biz özümüzə dəyər vermədikcə, bizə də dəyər verməyəcəklər. Yaşardan böyük olacağıq?! Əgər Yaşar Nuriyə bu gün münasibət bu dərəcədədirsə, biz övladlarımızdan başqa heç kimin yadına düşməyəcəyik. Əslində Yaşar hazırda öz dünyasındadır. Onun bizim heç nəyimizə ehtiyacı yoxdur. Bizim bura toplaşmağımızda məqsəd isə, buranı bir-birimizə göstərməkdir. Bu gün hamı üçün var. Sağ ikən rəhmət qazanın”.
Nurəddin Mehdixanlının çıxışından sonra həmkarı Hacı İsmayılov Azərpaşa Nemətovun II Fəxri Xiyabana gəlməməsinin səbəbini açıqlayıb. O bildirib ki, A.Nemətov 10 avqust tarixindən etibarən xəstədir. Ona “ikitərəfli sətəlcəm” diaqnozu qoyulub.
Sonda Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva da söz alıb. O, Mədəniyyət Nazirliyindən də incik olduğunu bldirib. Qeyd edib ki, 7 ay ərzində Xalq artistinin yubiliyevi ilə bağlı nazirlikdən zəng gözləyib. Amma nə nazirlikdən, nə də Milli Məclisin aiddiyatı şöbəsindən ona zəng edən olmayıb.