Azərbaycandan İrana keçməyə cəhd edən şəxs SAXLANILDI - FOTO
    • 4-11-2021, 15:49
    • 510

Azərbaycandan İrana keçməyə cəhd edən şəxs SAXLANILDI - FOTO

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər qaçaqmalçılıq fəaliyyətləri ilə mübarizə sahəsində zəruri tədbirlər davam etdirilir. 

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən News24.az-a bildirilib ki, oktyabr ayının 29-da saat 11:10 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan İran İslam Respublikasına keçməyə cəhd edərkən 1 nəfər Azərbaycan vətəndaşı 1994-cü il təvəllüdlü Rüstəmov İsrayıl Ənvər oğlu sərhəd pozucusu qismində saxlanılıb.

Həmin gün saat 21:30 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda aşkar edilmiş 1 ədəd bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 12 kiloqram 635 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb.

Oktyabr ayının 30-da saat 11:15 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin Azərbaycandan İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapa­dılıb, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları havaya xəbərdarlıq atəşindən sonra saxlanılmışlar. Qeyd olunan şəxslərin Azərbaycan Respublikası vətəndaşları Xaçmaz rayon sakini 1997-ci il təvəllüdlü Fərmanlı Mehman İlqar oğlu və Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Sadıqov Tərlan Heybət oğlu olmaları müəyyənləşdirilmişdir.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycana Kür çayında çəlləyin içərisində ötürülmüş qaçaqmal predmeti olan 20 qutu (339 blok) “Demi Wolf” markalı pirotexniki vasitələr aşkarlanaraq götürülmüşdür.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.